Bakıda yeni bulvar salınacaq - Fotolar

Bakıda, Bülbülə gölü ətrafında yeni bulvar salınacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidməti məlumat yayıb.

Bildirilib ki, uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.

Ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır.

Hazırda gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib.

Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib.

Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Gölün ətrafında asfalt üçün alt qat hazırlanıb. Yaxın zamanda iş gücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Nəzərdə tutulub ki, yeni bulvarda restoranlar, kafelər fəaliyyət göstərsin, dairəvi velosiped yolu da çəkilsin. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq. Yaz-yay aylarında göldə katamaran da işləyəcək. Layihəyə görə Bülbülə gölünün üzərindən körpü də salınacaq.

Qeyd olunub ki, Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.