Gununsesi.info xəbər verir ki, 11 avqust 2025-ci il saat 18:15 radələrində köhnə Ələt–Astara avtomobil yolunun 90,5-ci kilometrliyində “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, “99 BB 480” dövlət qeydiyyat nişanlı “Mercedes”in sürücüsü Biləsuvar sakini Ağalı Cəfər Naib oğlu olub. Avtomobildə sərnişin qismində 1961-ci il təvəllüdlü Qurbanov Gülağa Rəhim oğlu və 1975-ci il təvəllüdlü Orucova Şəhla Hüseynağa qızı olub. Hər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Digər nəqliyyat vasitəsi – “99 SS 957” dövlət qeydiyyat nişanlı “VAZ 21015”in sürücüsü Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Niftəliyev və onun 2 aylıq körpəsi Ahu Niftəliyeva hadisə yerində dünyasını dəyişiblər. Sürücünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Ümumilikdə qəza nəticəsində 3 nəfər – 2 qadın və 1 kişi xəstəxanaya hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
***
22.15
Biləsuvar rayonunda qəzanın təfərrüatı məlum olub.
Gununsesi.info xəbər verir ki, TƏBİB-dən bildirilib ki, qəza nəticəsində 3 nəfər – 1961, 1975 və 1996-cı il təvəllüdlü şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.
1961 və 1975-ci il təvəllüdlü şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti orta ağır olan 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.
Qəza zamanı 2025-ci il təvəllüdlü körpə (qadın cinsli) hadisə yerində, onun atası isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Mercedes” markalı minik avtomobili ilə “VAZ-2115” markalı nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.











