“Bir pəncərə” mexanizmi:  QHT-lər üçün yeni dövr

Dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesi “bir pəncərə” prinsipi əsasında təşkil ediləcək.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

“Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev Gununsesi.infoya açıqlamasında deyib ki, QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid yanaşmanın formalaşdırılması baxımından bu qərar əhəmiyyətlidir:

“Bu nizamlanmanın məqsədi şəffaflığın artırılması, hesabatlılığın, maliyyələşdirmə proseslərinin əlaqələndirilmiş və elektron qaydada həyata keçirilməsinin təmin olunmasıdır. Vahid elektron bazanın yaradılması şəffaflıq baxımından çox mühümdür. Yeri gəlmişkən, kiçik qrantların məbləğinin artırılması QHT-lərin fəaliyyətinə geniş imkanlar yaradacaq”.

T.Ağayev bildirib ki, son 5 ildə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atılan addımlar təqdirolunasıdır: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin apardığı uğurlu islahatlar vətəndaş cəmiyyətində keyfiyyət dəyişikliyi yaradıb. Vətəndaş cəmiyyəti yenilənib, müsbət imic qazanıb. Artıq sektorda müxtəlif dövlət qurumlarından dəstək axtaran ələbaxan təşkilatlar yoxdur. Tam şəffaf qrant müsabiqələri keçirilir, qaliblər müəyyənləşir, cəmiyyətə faydalı layihələr icra olunur. Son illər QHT-lərin maddi texniki bazası güclənib, beynəlxalq əlaqələri genişlənib. Vətəndaş cəmiyyəti fəalları beynəlxalq platformalarda daha çox görünür, əlaqələr qurur, mühüm təşəbbüslərlə çıxış edirlər”.

QHT sədri deyib ki, aparılan siyasət, verilən qərarlar vətəndaş cəmiyyətinin inkişafına təkan verəcək.

“Bu yeniliklər vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin əsasını qoyacaq. Artıq QHT-lər dövlətin etibarlı dəstəyini daha yaxından hiss edəcəklər. İş görmək üçün meydan var, şərait yaradılıb, maliyyə də ayrılır. Bəziləri üçün bütün bəhanələr kəsilir. Artıq iş zamanı, cəmiyyətə xidmət zamanıdır. Təəssüf ki, yeni qərardan əndişə duyanlar da tapılır. Amma bu, əbəsdir. Verilən qərarlar dövlətin vətəndaş cəmiyyəti siyasətinin idarə olunmasını asanlaşdıracaq, maliyyələşdirmə mexanizmlərini təkmilləşdirəcək və büdcədən ayrılan vəsaitlərin daha səmərəli istifadəsinə şərait yaradacaq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ayırdığı vəsait 15 milyon manat civarındadır. Digər dövlət qurumları qrantlara xeyli vəsait ayırır. Bəzi hallarda ayrı-ayrı təşkilatların eyni məzmunlu layihələri müxtəlif dövlət qurumları tərəfindən maliyyələşdirilir. Yeni qərar bu sahədə pərakəndəliyi aradan qaldıracaq. İşləmək, fayda vermək istəyən heç kim kənarda qalmayacaq”.

 

 

Şəbnəm

Gununsesi.info