Bolt Azərbaycandakı sürücüləri üçün mərkəzlər açılıb

  • By admin
  • 18 May 2023 01:34

2023-cü ilin aprel ayından bəri Bakıda Bolt sürücüləri üçün 3 mərkəz açılıb. Onlar hal-hazırda uğurla fəaliyyət göstərir.

Bolt mərkəzlərində sürücülər qeydiyyatdan keçə, sənədlərin hazırlanmasında kömək əldə edə, həmçinin Bolt məsləhətçiləri ilə şəxsən söhbət edərək, onları maraqlandıran sualları verə bilərlər. Bundan əlavə, bu mərkəzlərdə sürücülər ümumi təlim keçə və reytinqin artırılması, daha çox sifarişin yerinə yetirilməsi və qazancı artırmağın yolları ilə bağlı tövsiyələr ala bilərlər. Burada mütəxəssislər tətbiqin işləmə qaydası, gedişlərin qiymətinin formalaşması üsulu barədə sizə ətraflı məlumat verəcəklər. Eləcə də mərkəzlərdə sürücülər üçün bonuslar və Bolt-un keçirdiyi kampaniyalar barədə bütün məlumatları əldə etmək mümkün olacaq.

Eyni zamanda yeni sürücülərin platformada onlayn formatda qeydiyyatı həyata keçiriləcək. Bununla belə, müraciətin formasından asılı olmayaraq, Bolt şirkəti sürücünün şəxsiyyətini adi qaydada yoxlayır.

“Bolt şirkəti əməkdaşlıq etdiyi sürücülərin qeydinə qalır. Müasir dünyada işgüzar ünsiyyətin getdikcə daha çox onlayn formata keçməsinə baxmayaraq, biz Bolt olaraq bütün istifadəçilərlə ünsiyyətə açığıq və xidmətdən istifadə etmək üçün lazımi bacarıqlara malik olmayan, yaxud şəxsi görüşə üstünlük verən sürücülərə kömək etməyə hazırıq. Məhz bu səbəbdən də Bolt mərkəzlərini yaradırıq. Burada mütəxəssislər sürücülərə onları maraqlandıran bütün suallarla bağlı məsləhətlər verəcək və onların problemlərini operativ şəkildə həll edəcək. Əməkdaşlıq etdiyimiz sürücülərin Bolt şirkətinin dəstəyini hiss etməsi və mərkəzlərimizdə onlara hərtərəfli köməklik göstəriləcəyindən əmin olması bizim üçün olduqca vacibdir”, – deyə Bolt şirkətinin Azərbaycanda gediş sifarişi istiqaməti üzrə rəhbəri Naim Əzizov qeyd edib.

Bolt mərkəzlərində təlim keçən sürücülər platformanın iş sistemi barədə daha məlumatlı olacaq, göstərdikləri xidmətlərin keyfiyyətinin artırılması üçün lazımi bilikləri əldə edəcəklər. Sürücülərə Bolt ilə əməkdaşlıqlarının başında sərnişinlərdən müsbət rəy almağa və reytinqlərini yaxşılaşdırmağa kömək edəcək məsləhətlər də vermək istərdik:

● avtomobilinizin texniki vəziyyətinin lazımi qaydada olmasına, eləcə də təmiz və səliqəli görünməsinə nəzarət edin;

● mümkün qədər nəzakətli olun. Sərnişinlərin mənfi rəylərinin əsas səbəbi sürücünün nəzakətsizliyidir;

● sərnişinin avtomobilinizə əyləşən zaman özünü təhlükəsiz hiss etməsi üçün əlinizdən gələni edin: yolda ehtiyatlı olun, sürət həddini aşmayın;

● sərnişinlərin rahatlığını təmin edin. İstər radio səsi, istərsə də açıq pəncərələrlə hərəkət olsun, hər zaman sərnişinin fikrini öyrənin;

● bütün sifarişləri qəbul etməyə çalışın. Sifarişdən imtina sürücünün fəallığının qiymətləndirilməsinə təsir edir və hətta hesabınızı müvəqqəti olaraq bloklaya bilər;

● iş gününüzü pik saatları nəzərə alaraq planlaşdırın. Onlara həftənin günü, ayın xüsusi günü, hətta hava şəraiti belə təsir edir. Yağışlı hava, gecə yarısı və ya erkən saatlar, həmçinin həftəsonu daha qazanclı günlər hesab olunur. Axı nə qədər çox insan gediş sifarişi xidmətlərindən istifadə edərsə, həftəlik gəlir bir o qədər yüksək olar.

Bolt mərkəzlərinin ünvanı:

● Xocalı pr., 55;

● General Səmədbəy Mehmandarov küçəsi,16;

● H.Cavid pr., 78.

Mərkəzlərin iş saatı 09:00-18.00. Ofislərdə qəbul canlı növbə qaydasında aparılır.

Bolt şirkəti haqqında məlumat

Bolt – Avropa və Afrikanın 45 ölkəsində və 400-dən çox şəhərində 100 milyon insanın istifadə etdiyi Avropa multi tətbiqidir. Şirkət istifadəçilərinə ən yaxşı alternativləri təklif edərək, şəxsi avtomobillərdən birgə mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. Bolt xidmətinə gediş sifarişi, karşerinq, elektrosamokatların kirayəsi, həmçinin yemək və ərzaq çatdırılması kimi istiqamətlər daxildir.

Hal-hazırda Bolt gediş sifarişi xidməti Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt və Şəki olmaqla, Azərbaycanın yeddi şəhərində fəaliyyət göstərir.

Şəbnəm

Gununsesi.info