Çexiya Respublikasının Baş naziri Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib. Səfər son dövrlər Avropa ölkələri liderlərinin Bakıya artan səfərləri fonunda diqqət çəkir.
Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayevin fikrincə, Azərbaycan–Çexiya münasibətləri hazırda dinamik inkişaf mərhələsindədir.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, siyasi və enerji sahələrində əməkdaşlıq genişlənir.
Ekspert qeyd edir ki, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi münasibətlərin praktik müstəviyə keçdiyini göstərir. Bu gün isə tərəfdaşlıq daha çox iqtisadi maraqlar üzərində qurulur.
Səfər çərçivəsində iş adamlarının da Azərbaycana gəlməsi və Qəbələdə biznes forumunun keçirilməsi əməkdaşlığın əsas istiqamətinin investisiya və birgə layihələr olduğunu göstərir.
Turan Rzayev vurğulayır ki, Azərbaycan artıq Avropa üçün təkcə enerji təchizatçısı deyil, həm də investisiya və texnoloji əməkdaşlıq platformasına çevrilir. Xüsusilə bərpaolunan enerji, hidrogen və enerji səmərəliliyi sahələri prioritet istiqamətlər kimi önə çıxır.
Ekspertin sözlərinə görə, tərəflər arasında ticarət dövriyyəsinin 800 milyon dolları keçməsi qarşılıqlı etimadın göstəricisidir və bu dinamikanın yaxın illərdə də davam edəcəyi gözlənilir.
Orxan












