Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması islahat deyilmi? - YAP-çı DEPUTAT HÖKUMƏTƏ QARŞI TƏNQİDLƏRDƏN DANIŞIR

  • By admin
  • 27 Mart 2024 08:30

Dünyanın müxtəlif beynəlxalq təşkilatları 2023-cü ilin yekunlarına dair müxtəlif ölkələrdə insan haqları və medianın durumu ilə bağlı hesabatlar yayıb.

Həmin hesabatların Azərbaycanla bağlı bölümündə ölkəmizdəki vəziyyət tənqid olunur. 

Son zamanlar baş verən həbslər də Azərbaycanla Avropa İttifaqı və ABŞ arasında da gərginlik yaradıb.

Ancaq Azərbaycan hökuməti insan haqları ilə bağlı tənqidləri ciddiyə almır.

Elə Avropa Şurasının İnsan Hüquqları Üzrə Ali Komissarı Dunya Miyatoviç də son bəyanatında hökumətin çağırışlara əhəmiyyət vermədiyini deyib.

Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya müsahibəsində beynəlxalq qurumların iddialarına dair sualları cavablandırıb.

Naqif bəy, yəqin ki, dünyanın nüfuzlu təşkilatlarının 2023-cü illə bağlı hesabatlarındakı tənqidləri oxumusunuz. Niyə, Konstitusiyasına “hüquqi”, “demokratik” və “dünyəvi” bir dövlət yazılan, Avropa Şurasının üzvü olan bir ölkədə bu qədər problemlər var? 

– Əlbəttə, mən bu hesabatlarla tanışam. Amma orada oxuduqlarım məni heç zaman təəccübləndirmir. Mən sizə səmimi deyim ki, illər öncə tələbə  olarkən belə bu cür hesabatları görürdüm. Bizim üçün gözlənilməz bir məsələ yoxdur. Sadəcə tarixlər dəyişdirilməklə eyni hesabatlar yayılır. Bu, ABŞ-ın Dövlət Departamentinə də aiddir. Baxmayaraq ki, ötən illərdə Azərbaycan böyük bir yol keçib. Ölkəmizdə qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılıb. Ciddi siyasi-iqtisadi islahatlar aparılıb. Amma mən şahidi olmadım ki, həmin hesabatlarda mütərəqqi adımlardan biri də vurğulansın.

O təşkilatlar illərdir ki, Azərbaycana qarşı fəaliyyət göstərir. Onların iç üzü elə Qarabağ məsələsində də ortaya çıxdı. İşğalı pisləmək əvəzinə Azərbaycanı ittiham etdilər ki, niyə öz ərazi bütövlüyünüzü təmin etmisiniz.

Amma Avropa ölkələri və əksər təşkilatlar Azərbaycanın ərazi bötüvlüyünə şübhə etməyib. Hətta Azərbaycan hökumətinin kəskin tənqidçisi olan AŞ PA üzvü Frank Şvabe belə bunu etiraf edir…

– Azərbaycanın ərazi bötülvüyü BMT tərəfindən tanınır. Onlar dolayısı yolla, hərəkətləri ilə ermənilərə açıq dəstəkləri ilə  ölkəmizin suverenliyinə qarşı çıxır. Məsələn, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, amma Ermənistanı silahlandırırlar. Azərbaycana münasibətdə səmimiyyət yoxdur.

Cənab Prezident də bunu bəyan edib. Son çıxışlarında da Prezident bildirdi ki,  Cənubi Qafqazın üç ölkəsi arasında ayrı-seçkilik edilir.

Bizdə insan haqları ilə bağlı fərdi  məsələləri  ölkə əleyhinə kampaniyaya çevirirlər. Biz bunu yaxşı görürük.

Etiraf edək ki, dediyiniz Cənubi Qafqaz  ölkələrində məhkəmə-hüquq sistemi bizdən daha mükəmməldir. Elə Avropa Məhkəməsinin hesabatlarında da görünür ki, Avropa Şurasına üzv ölkələrdə Azərbaycandan daxil olan şikayətlərin sayı Gürcüstan və Ermənistandan xeyli artıqdır. Bugün ölkədə siyasi məhbusların sayı durmadan artmaqdadır. Axı, bunlar bizim reallıqlardır.

– Azərbaycanda məhkəmə-hüquq islahatları üçün addımlar atılıb. Bu proses yenə də davam etdirilir. Bir neçə ay əvvəl Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsindən kənarlaşdırılmasının şahidi olduq. Bu, islahat deyilmi? Nədən həmin təşkilatlar bunu təqdir etmədi və görməzdən gəldi?

Baxmayaraq ki, buna görə həmişə bizi tənqid edirdilər ki, Ədliyyə nazirinin şura sədri olması məhkəmə müstəqilliyinə təhdiddir.

Son zamanlar diqqət etmisnizsə, müxtəlif məhkəmə orqanlarında bəraət hökmlərinin sayı nə qədər artıb. Elə bir ay olmur ki, biz Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmünün şahidi olmayaq. Bu, məhkəmələrin müstəqilliyindən irəli gələn hallardır. Məhkəmələr müstəqildir ki,  istintaq orqanının ittihamını ləğv edir və vətəndaş bəraət alır.

Siyasi məhbus məsələsinə gəlincə, son zamanlar müxtəlif şəxslərin həbsinə görə Azərbaycana qarşı ağır ittihamlar var.  Hesab edirəm ki, bu məsələlərə səbrlə, təmkinlə yanaşmaq lazımdır. Qaçaqmalçılıq qanunla cinayət məsuliyyəti yaradır. Hər bir fəaliyyət qanuna əsaslanmalıdır. Əməliyyat-istintaq orqanları müəyyən edib ki, qanunsuz yolla qrantlar alınıb və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib.

Əgər bu şəxslər ofislər icarəyə götürübsə, bir neçə şəxsə əmək haqqı veribsə, demək ortada maliyyə olub. İstintaq orqanı da bu maliyyənin mənbəyini araşdırmalıdır. Yekun məhkəmə hökmü olmadan bu cür ağır ittihamlar yolverilməzdir. Bəzi çağırışlara mənfi reaksiyamızın isə səbəbi var. Biz də problemləri görürük və inkar etmirik. Amma bunların həlli üçün tələb, təhdid dili ilə danışmaq doğru deyil. Bunlar tövsiyyələr formasında olmalıdır. Azərbaycanda insan hüquq və əsas azadlıqları ilə bağlı qanunlar qəbul olunarkən Venesiya Komissiyasının tövsiyyələrinə istinad olunur.

Növbəti ay AŞ PA-nın payız sessiyası işinə başlayacaq. Azərbaycan bu qurumla münasibətləri düzəltmək barədə düşünürmü? Vəziyyət dəyişə bilərmi və bizim deputat heyətimizin AŞPA-nın sessiyasında iştirakına yenidən baxıla bilərmi?

-Vəziyyəti düzəltmək AŞ PA-dan asılıdır. Azərbaycanın deputat heyətinə qarşı qərəzli , haqsız mövqe sərgilənib. Münasibətləri qaydaya salmaq onlardan asılıdır. Onlar səhvlərini düzəldərsə, Azərbaycan nümayəndə heyəti yenidən quruma qayıda bilər. Əgər bizə qarşı qərəzli münasibət davam edəcəksə, Avropa Şurasına verdiyimiz üzvlük haqqından tutmuş, Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilərik.

Şəbnəm Rəhimova

Gununsesi.info