İstanbulu kim qazanacaq? - ƏRDOĞAN İMAMOĞLUNUN FƏALİYYƏTİNİ 1019 DƏFƏ YOXLADIB

  • By admin
  • 27 Mart 2024 08:22

Türkiyənin siyasi həyatı üçün daha bir önəmli tarix yaşanır. 

Bu, qardaş ölkədə ayın sonunda keçiriləcək bələdiyyə seçkiləridir. Seçki ölkənin bütün hüdudlarını əhatə etsə də bütün müşahidəçilərin gözü Ankara, İzmir və İstanbula dikilib.

AKP hökuməti ölkənin ana müxlifətin idarəçiliyində olan bu bələdiyyələri qazanmaq üçün bütün yollara əl atıb.

Hazırda ən ciddi rəqabətin aparıldığı İstanbulda əsas mübarizə hazırki bələdiyyə başkanı Əkrəm İmamoğlu ilə AKP-nin namizədi Murat Kurum arasında gedir.

Təşviqat kampaniyasında Murat Kuruma bütün dəstəyini ortaya qoyan Türkiyə hökuməti İstanbulu qazanmaq üçün əlindən gələni edir. Amma prosesə diqqət edərkən, Əkrəm İmamoğlunun şansı daha çox görünür.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, sonuncu mitinqində İmamoğlu maraqlı fakt səsləndirib.

Onun sözlərinə görə,  bələdiyyə sədri olduğu 2019-2024-cü illərdə dövlət qurumları İstanbul Bələdiyysində nə az, nə çox 1019 dəfə yoxlama aparıblar: “Ancaq bir şey tapa bilmədilər. Biz öz xidmətimizi qüsursuz apardıq. Yenə də sizlərin xidmətçisi olmağa davam edəcəyik”. 

Əksər ekspertlər də hesab edir ki, AKP-nin İmamoğlunun qarşısına çıxardığı namizəd olduqca zəifdir.

Xüsusilə, İmamoğlunun xalqa xitabı, inamlı çıxışları Murat Kurumu onun qarşısında zəif rəqib kimi canlandırır.

Aparılan sonuncu sorğuda Əkrəm İmamoğlu əsas rəqibi Murat Kurumu bir neçə faiz üstünlüklə geridə qoyub.

Həmin nəticələrə görə, sonuncu sorğuda Əkrəm İmamoğlu 43.8, Murat Kurum 38.2, Buğra Kavuncu 4.3, Mehmet Altınöz 2.4 faiz səs alıb. 

Afət 

Gununsesi.info