Elçin Rüstəmli: Yeni kommunal qoşulma qaydaları bölgələrdə ciddi problemlər yaradır

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 14:00

Jurnalist Elçin Rüstəmli hesab edir ki, Azərbaycanın rayonlarında ev və torpaq sahələrinin böyük əksəriyyətinin sənədləşdirilməsi uzun illərdir həllini tapmayan problemlərdən biridir.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, bu sahədə yaranmış vəziyyət hələ sovet dövründən bəri davam edir, sonrakı illərdə isə daha da xaotik xarakter alıb.

Rüstəmli bildirir ki, yeni tətbiq edilən qaydalara əsasən, çıxarışı olmayan yaşayış evləri qaz, su və elektrik kimi kommunal xidmətlərə qoşula bilmir.

O qeyd edir ki, çıxarış əldə etmək isə avtomatik olaraq kommunal xidmətlərə çıxış hüququ vermir. Vətəndaş əvvəlcə müxtəlif dövlət qurumlarından çoxsaylı razılıqlar almalı, texniki şərt üçün rüsumlar ödəməlidir.

Jurnalistin sözlərinə görə, texniki şərt alındıqdan sonra yalnız kommunal xətlər yaşayış evindən 30 metr məsafədə yerləşdiyi halda xidmətlərə qoşulma mümkün olur.

O iddia edir ki, praktikada bu norma çox vaxt tətbiq edilmir və kommunal qurumlar müxtəlif əsaslarla vətəndaşlardan əlavə ödənişlər tələb edirlər.

Rüstəmli eyni zamanda bildirir ki, fərdi evlər üçün bu məbləğ bir neçə yüz manat, kommersiya obyektləri üçün isə minlərlə manata çata bilir.

Elçin Rüstəmli hesab edir ki, bu qaydalar tətbiq edilməzdən əvvəl əhaliyə ev və torpaq sənədlərini qaydaya salmaq üçün kifayət qədər vaxt verilməli idi.

Onun fikrincə, hazırda bir yaşayış evinin sənədləşdirilməsi bir neçə min manata başa gəlir ki, bu da əksər vətəndaşların maddi imkanlarını aşır.

Jurnalist əlavə edir ki, yeni qaydalar bölgələrdə məskunlaşma prosesinə də mənfi təsir göstərir.

Onun sözlərinə görə, kəndlərdə yeni salınan yaşayış massivlərinin bir çoxunda hələ də kommunal infrastruktur yoxdur, bəzi yaşayış məntəqələrində isə qaz, su və elektrik xətlərinin çəkilişi dayandırılıb.

Elçin Rüstəmli dövlət qurumlarını bu sahədə yaranmış vəziyyətə yenidən baxmağa çağıraraq, sənədləşdirmə prosedurlarının sadələşdirilməsini, xidmət haqları və tariflərin vətəndaşlar üçün daha əlçatan səviyyəyə endirilməsini təklif edir.

Elmar
Gununsesi.info