Erməni çobanları türk əsgərlərinə necə “əsir” düşdü? – Sərhəddəki təxribatın pərdəarxası

“Təəssüflər olsun ki, bu gün Ermənistan tərəfindən bir çox sahələr üzrə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması əleyhinə siyasət həyata keçirilir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O, erməni mətbuatında Türkiyə və Azərbaycan əleyhinə yayılan dezinformasiyalardan söz açıb.

Xatırladaq ki, ötən gün 168.am saytı Türkiyə hərbçilərinin guya Ermənistanın Talin mərzinin Araqatsavan (Alagöz) kəndi istiqamətində dövlət sərhədini keçməsi və bu ölkənin sakinlərinə qarşı hər hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı tərxibat xarakterli məlumat yayıb.

Öz növbəsində T. İsmayılov əlavə edib ki, biz burada çox vektorlu ikiüzlülük siyasətinin şahidi oluruq:

“Əvvəla, iqtidara bağlı olan və onlara yaxınlığı ilə seçilən media tərəfindən bu tip məlumatlar ortaya atılır. Bu, Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların sonrakı prosesində hansısa “dividentlər” əldə etməyə hesablanmış informasiya sabotajlarıdır.

Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə əleyhinə informasiyaları dövriyyəyə buraxmaqla guya cəmiyyətdə düşmənçilik ab-havasını aradan qaldıra bilməmdikləri və bu basqılar altında Azərbaycan və Türkiyə ilə danışıqlar apardığını göstərməyə çalışır.

İkinci bir tərəfdən, əlbəttə ki, Qərbdən maliyyəşən erməni lobbisinin Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları sabotaj etmək üçün çox ciddi planları mövcuddur. Özəlliklə də “ANCA” adlandırdığımız Amerika-Erməni Milli Komitəsi tərəfindən dəstəklənən media qurumlarında, o cümlədən “Twitter” ilə “Telegram”ın erməni seqmentlərində Türkiyə əleyhinə dezinformasiyalar geniş şəkildə yayılır.

“Ümumilikdə, Qərbdəki erməni lobbisinin əsas yaradılış missiyası sırf Türkiyə əleyhinə fəlaiyyət göstərmək olduğu üçün bu gün Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırma ehtimallarına qarşı istənilən sabotajlar da məhz Qərbdəki bu faşist-lobbist dairələr tərəfindən ortaya atılır. Lakin bütövlükdə mən belə hesab edirəm ki, hansısa təxribatlardan asılı olmayaraq, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması Ermənistanın bundan sonra dövlət kimi iqtisadi-siyasi mövcudluğu üçün mühüm vasitələrdən biridir. Türkiyə və Azərbaycan ilə münasibətlər normallaşmadan Ermənistan normal dövlət kimi ayaqda qala bilməyəcək”, – deyə müsahibimiz yekunlaşdırıb.

Gununsesi.info