Estoniya və Finlandiya Rusiya sərhədində müdafiə tədbirlərini gücləndirir – Politoloq şərh edir

  • Müəllif: Orxan
  • 21 Aprel 2026 13:54

Estoniya Rusiya ilə sərhəd boyunca tank əleyhinə xəndəklərin tikintisini davam etdirir.

Eyni zamanda, Finlandiya da 1340 kilometrlik Rusiya sərhədi boyunca artilleriya sistemlərinin yerləşdirilməsi istiqamətində addımlar atır.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib ki, hazırda Rusiyanın Baltikyanı ölkələrə və ya NATO-ya qarşı birbaşa hücum təhlükəsi müşahidə olunmur. Nazir qeyd edib ki, bu cür iddialar mövcud kəşfiyyat qiymətləndirmələri ilə üst-üstə düşmür: “Rusiyanın NATO və ya Baltikyanı ölkələrə hücum üçün qoşun topladığını və ya konkret hərbi hazırlıq apardığını görmürük”.

Gununsesi.info-ya danışan politoloq Turan Rzayev hesab edir ki, region ölkələrinin atdığı addımlar potensial risklərin qarşısını almağa yönəlib.

Onun sözlərinə görə, Ukrayna müharibəsindən sonra Avropada təhlükəsizlik yanaşmaları ciddi şəkildə dəyişib və bir çox ölkələr kimi Estoniya və Finlandiya da müdafiə strategiyalarını yenidən nəzərdən keçiriblər.

Ekspert vurğulayır ki, tank əleyhinə xəndəklər, istehkamlar və sərhəd müdafiə sistemləri müharibə başladıqdan sonra deyil, əvvəlcədən qurulmalıdır. Bu cür hazırlıqların əsas məqsədi mümkün hücum zamanı ilkin zərbənin təsirini minimuma endirmək və dövlətin müdafiə qabiliyyətini artırmaqdır.

Həm Estoniya, həm də Finlandiya NATO üzvü kimi alyansın Rusiya ilə sərhəd xəttində yerləşir və potensial qarşıdurma halında ilk hədəflər sırasında göstərilir. Bu səbəbdən, ekspertlərə görə, həmin ölkələrin öz ərazilərini “ilk müdafiə xətti” kimi gücləndirməsi strateji baxımdan zəruri addım kimi qiymətləndirilir.

Politoloq Turan Rzayevin fikrincə, görülən tədbirlər mövcud vəziyyətə reaksiya deyil, gələcəkdə baş verə biləcək ssenarilərə hazırlıq xarakteri daşıyır.

Orxan