Sabiq deputat Etibar Əliyev sosial şəbəkədə paylaşdığı fikirlərlə müzakirələrə səbəb olub.
Gununsesi.info -nun xəbərinə görə, o bildirib ki, Hacı Şahin Hüseynoğlu ilə bağlı paylaşımından sonra onun Facebook səhifəsində çoxsaylı tənqid və etiraz şərhləri yazılıb.
Etibar Əliyevin sözlərinə görə, şərh yazanlar arasında özünü ziyalı hesab edən şəxslər də az olmayıb.
O iddia edib ki, bəzi insanlar Hacı Şahini filosof, orator, alim və müdrik kimi təqdim edirlər.
Keçmiş deputat bununla bağlı ictimai rəy sorğusu keçirilməsini təklif edib:
“Min nəfəri əhatə edən sorğu keçirin. Sual belə olsun: ‘Mirəsədulla Mir Ələsgər oğlu Mirqasımovu tanıyırsınız, yoxsa Hacı Şahin Hüseynoğlunu?’ Tam əmin olun ki, Mirəsədulla Mirqasımovu barmaqla sayılan qədər adam tanıyacaq. Çünki biz onu xatırlamırıq. Meydan Hacı Şahin kimilərindir”.
Etibar Əliyev daha sonra dini mövzularda manipulyasiyalar edildiyini iddia edərək yazıb:
“Din təəssübkeşlərindən biri durub bu Hacıya demədi ki, Allahın adından niyə bu qədər manipulyasiyalar edirsən?”
Paylaşımında Mirəsədulla Mirqasımovun şəxsiyyətinə də toxunan Etibar Əliyev qeyd edib ki, o, inanclı ailədə dünyaya göz açıb və ailəsi heç bir dövrdə öz dini inancından uzaq düşməyib.
Keçmiş deputat xatırladıb ki, Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, həmçinin Azərbaycanda tibb üzrə ilk elmlər doktoru elmi dərəcəsini almış görkəmli alim və həkim olub.
Elmar












