Vətəndaşları maraqlandıran mövzu: Fərdi məşğulluq proqramı nədir? – FOTO/VİDEO

  • By admin
  • 02 Dekabr 2020 15:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir.

Qeyd olunub ki, işsiz şəxs mesaj vasitəsilə göndərilən linkə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə “Məşğulluq haqqında” Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. Beş iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir.

Xatırladaq ki, son günlər sosial şəbəkə istifadəçiləri sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı paylaşım edərək, mövcud vəziyyətdən narazı olduqlarını bildirirdilər.

 

 

Gununsesi.org