
“Mühafizəçinin atası-anası yoxdur? O Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa balta tullamalıdır? Bu nə cür tərəfli yanaşmadır, belə olmaz”.
Gununsesi.info-nun xəbərinə görə, bunu deputat Fazil Mustafa xalq artisti Ağadadaş Ağayevlə xəstəxana mühafizəşisi arasında baş verən davaya münasibətində deyib.
Deputatın fikrincə, mühafizəçi yanlış hərəkət edibsə, hər halda xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmazdı: “Məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Xəstəxana onun postudur, bir sərxoş, bir qatil, bir ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar? Üstəlik baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz?”
