Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tanınmış hərbçilərindən olan general-mayor Murad Gəray Tlexas haqqında yazıb.
Gununsesi.info xəbər verir ki, deputat “Anladım. Tanıdım. Yaşadım” kitabından hazırladığı qeydlərdə çərkəz əsilli azərbaycanlı generalın Azərbaycan dövlətçiliyinə xidmətindən və bolşevik işğalından sonra üzləşdiyi faciəli aqibətdən bəhs edib.
Fazil Mustafanın yazdığına görə, 1874-cü ildə anadan olan Murad Gəray Tlexas Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən general-mayor rütbəsinə layiq görülən ilk zabitlərdən biri olub. Müdafiə naziri Səməd bəy Mehmandarov onu topçu briqadasının komandiri təyin edib.
Daha sonra Bakının müdafiəsi və şəhərdə asayişin qorunması Tlexasa həvalə olunub.
General Tlexas Qafqaz İslam Ordusunun tərkibində Bakının və Azərbaycanın digər bölgələrinin bolşevik-daşnak qüvvələrindən azad edilməsində iştirak edib. 1919-cu ildə isə Denikin ordusunun hücumu zamanı Bakı şəhərinin müdafiəsinə rəhbərlik edib.
Paylaşımda qeyd olunur ki, 1920-ci ilin aprelində bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətinə son qoymasından sonra Murad Gəray Tlexas bolşevik Əli Bayramovun öldürülməsində ittiham olunaraq ölüm cəzasına məhkum edilib.
Fazil Mustafa generalın məhkəmə prosesinin indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında keçirildiyini, onun iki qızının da məhkəmə zalında olduğunu bildirib.
Deputat Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabında Tlexasın məhkəmə zamanı dediyi sözləri də xatırladıb. General özünü “fəhlə-kəndli düşməni” və “burjua” adlandıranlara belə cavab verib:
“Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!”
Fazil Mustafa fikirlərinin sonunda Murad Gəray Tlexasın Azərbaycan dövlətçiliyinə sədaqətini vurğulayaraq qeyd edib ki, onun məzarının harada olduğu bu gün məlum deyil.
“Gedib, tarixin bilmədiyiniz qaranlığından özünüzə saxta qəhrəmanlar düzəltməyin, bu kişilərdir sizin qəhrəmanlarınız!” – deyə deputat vurğulayıb.
Fazil Mustafa həmçinin taleyin ironiyası kimi Əli Bayramovun məzarının Fəxri xiyabanda qorunduğunu, Azərbaycan generalı Murad Gəray Tlexasın isə dəfn olunduğu yerin naməlum qaldığını yazıb.
Elmar











