Milli Məclisin deputatı Fazil Mustafa Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı səsləndirilən bəzi fikirlərə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, deputat qeyd edib ki, Avropa institutlarının nüfuzu qəbul etdikləri sənədlərin sayına görə deyil, nümayiş etdirdikləri ədalət və obyektivlik meyarlarına əsasən qiymətləndirilməlidir.
Onun sözlərinə görə, bəzi Avropa siyasətçilərinin, o cümlədən Almaniya Bundestaqının deputatı Frank Şvabenin uzun müddətdir Azərbaycana qarşı eyni yanaşmanı təkrarlaması narahatlıq doğurur.
Fazil Mustafa bildirib ki, regionda sülh gündəliyinin irəlilədiyi, Azərbaycan-Ermənistan münasibətlərində normallaşma istiqamətində real imkanların yarandığı bir dövrdə qarşıdurma ritorikasının gücləndirilməsi nə Avropa-Azərbaycan münasibətlərinə, nə də regionun sabitliyinə xidmət edir.
Onun fikrincə, AŞPA-da qəbul olunan bəzi sənədlər qeyri-obyektiv və birtərəfli xarakter daşıyır və bu cür yanaşmalar beynəlxalq institutlara olan etimadı zəiflədir.
Deputat vurğulayıb ki, Azərbaycan öz mövqeyini beynəlxalq hüquqa əsaslanaraq dəfələrlə ortaya qoyub və ölkənin siyasətini heç bir qərəzli və selektiv qərar müəyyən edə bilməz.
Fazil Mustafa əlavə edib ki, Azərbaycan dialoq və əməkdaşlığın tərəfdarıdır, lakin qərəzli yanaşmaların nə həqiqəti dəyişdirməyə, nə də regiondakı proseslərin gedişatına təsir göstərməyə gücü çatır.











