“Fransa prezidentinin Azərbaycana qarşı bu şəkildə qərəzli davranışı və bəyanatı  qəbuledilməzdir” - RAZİ NURULLAYEV

  • By admin
  • 02 Oktyabr 2020 17:32

“Fransa Prezidentinin Dağlıq Qarabağ münaqişəsiylə bağlı açıqlaması qəbuledilməzdir. Bu, onun Minsk Qrupunun həmsədr ölkəsi kimi neytrallığına və tərəfsizliyinə çox ciddi kölgə salır”.

Gununsesi.info xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Razi Nurullayev deyib. O qeyd edib ki, Emmanuel Makronun erməni sevgisini tam olaraq başa düşə bilmir:

“Hətta mən bunu onun xristian sevgisi ilə ifadə edə bilərəm. Amma  ümid edirəm ki, bu, belə deyil. Azərbaycan 26 ildir ki, Fransa dövlətindən və prezidentlərindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlliylə bağlı cavab gözləyir. Ancaq 26 ildir bu günə qədər Makron və onun sələfləri Azərbaycanın bu çağırışına susqun qalıb. Bu gün də Azərbaycan dövləti, xalqı və siyasi rəhbərliyi Makronun çağırışına susqun qalmamalıdır. Çünki onların çağırışı ədaləti əks etdirmir. Azərbaycan öz torpaqlarında mübarizə aparır, öz torpaqlarında müharibəyə cəlb olunub və erməni xalqı ilə də müharibə aparmır. Azərbaycan dövləti erməni hərbi siyasi rəhbərliyi  və erməni qəsbkarlığı, işğalı və ordusuyla müharibə aparır. Azərbaycan dövləti ermənilərə Dağlıq Qarabağda ləyaqətli yaşayış vəd edir. Onlara orada mədəni muxtariyyət tərkibində Azərbaycan vətəndaşı kimi yaşamaq zəmanətini də verir. Bu o deməkdir ki, Azərbaycan bu mübarizədə qətiyyətlidir, ədalətlidir, amma Fransanın və digər həmsədr ölkələrin Azərbaycana qarşı sərgilədiyi metod və ritorika, bəyanat birmənalı olaraq rədd edilir. Mən şəxsən partiya sədri və deputat olaraq bu çağırışı qətiyyətlə rədd edirəm”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin açıqlamalarına, bəyanatlarına  baxan zaman burada bir dövlət başçısına yaraşan müdriklik, təskinlik və təmkinlik görür: “Prezident bütün bəyanatlarında da neytrallığını və ədaləti gözləyir. Amma Fransa kimi böyük bir dövlətin başçısının öz çıxışlarında birmənalı şəkildə ad çəkməsi o dövlət üçün düzgün anlaşıla bilməz. Azərbaycan Fransayla çox gözəl münasibətlərə malikdir.

Azərbaycanda Fransa şirkətləri, fransızlar və Fransa təhsili üçün çox gözəl şərait yaradılıb. Bu gün Azərbaycanda Fransa məktəbi, liseyləri fəaliyyət göstərir. Orada Azərbaycan övladları fransız dilində təhsil alır. Yəni Azərbaycan Fransa xalqına həmişə qucaq açıb. Belə bir halda Fransa dövlət başçısının Azərbaycana qarşı bu şəkildə qərəzli davranışı və bəyanatı  qəbuledilməzdir. Bu, Azərbaycan xalqını və siyasi rəhbərliyini məyus edir”.

 

Gununsesi.info