Fransa Azərbaycanın və Ermənistanın davamlı və geri dönməz sülhə nail olması istiqamətində atdığı addımları dəstəkləyir.
Rəsmi Paris hesab edir ki, regionda sülhün bərqərar olması Cənubi Qafqazda yeni əməkdaşlıq və inkişaf imkanları yaradacaq.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sofi Laqut ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.
O qeyd edib ki, regionda baş verən dəyişikliklərin sürəti onu dərindən təsirləndirir:
“Prezident İlham Əliyevin və Azərbaycanın digər rəsmi şəxslərinin Ermənistanla sülh gündəliyini irəli aparmaq və həyata keçirmək istiqamətində nümayiş etdirdikləri qətiyyət və liderliyi yüksək qiymətləndirirəm. Sülhün real nəticələr verməsi üçün mühüm və konkret addımlar atılıb. Mən azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini də şəxsən görmüşəm. Qarabağ inkişaf edir. Hətta bilirəm ki, Laçında fəaliyyət göstərən süd kooperativlərindən biri yerli pendir istehsalını inkişaf etdirmək məqsədilə fransız pendir ustalarından təlim alıb. Otuz il davam edən ağır əzab və itkilərdən sonra Ermənistanla yenidən formalaşan qonşuluq münasibətləri həm insanlar arasında əlaqələr, həm də iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Fransa davamlı və geri dönməz sülhün təmin olunması, eləcə də Azərbaycan xalqının tam açıq Cənubi Qafqazın bütün üstünlüklərindən faydalanması üçün sizə dəstək verməyə hazırdır”, – deyə səfir vurğulayıb.












