Fransadan Rusiya və Türkiyəyə ÇAĞIRIŞ: Bu ölkədən çıxın!

  • By admin
  • 24 Mart 2021 17:01

Liviyada çevriliş və qarşıdurmalar zamanı Xəlifə Haftara dəstək verən Fransadan Türkiyəyə yönəlik kritik açıqlama gəlib.

Gununsesi.info xəbər verir ki, Liviyanın paytaxtı Tripolidə yenidən səfirliyini açmağa hazırlaşan Fransa da Türkiyənin Liviyadan çəkilməli olduğunu bildirib.

Fransa Prezidenti Emmanuel Makronun dünən verdiyi açıqlamada, Fransanın Tripolidəki səfirliyinin gələn bazar ertəsi açılacağı qeyd edilib. Makron, Liviyanın suverenliyini və sabitliyini qorumaq üçün əllərindən gələni edəcəklərini bildirib. Makron Avropanın Liviyanın yeni hökumətinin yanında olduğunu vurğulayıb.

O bildirib ki, xarici qüvvələr Liviyadan çıxmalıdır: “Türkiyə və Rusiyanın savaş qüvvələri və Liviyaya gətirdikləri xarici döyüşçülər buranı tərk etməlidirlər”, – Makron deyib.

Qeyd edək ki, Fransa 2014-cü ilin iyul ayında Tripolidəki qarşıdurmalardan sonra bu ölkədəki səfirliyini geri çağırıb.

Gununsesi.info