Hərbi jurnalist: ABŞ-nin əsas hədəfi İran iqtisadiyyatını uzunmüddətli zəiflətməkdir

ABŞ ilə İran arasında davam edən gərginlik əvvəlki qarşıdurmalardan fərqli xarakter daşıyır.

Gununsesi.info xəbər verir ki, bu barədə hərbi jurnalist Səxavət Məmməd bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Vaşinqtonun əsas məqsədi İranda hakimiyyət dəyişikliyi deyil, ölkənin iqtisadi və logistik imkanlarını zəiflətməkdir.

Səxavət Məmməd hesab edir ki, ABŞ əsasən İranın sahil zolaqları, limanları və strateji infrastrukturunu hədəfə almaqla ölkənin uzunmüddətli iqtisadi inkişafına zərbə vurmağa çalışır. O, Hörmüz boğazına tam nəzarətin isə həm regional şərtlər, həm də Çin amili səbəbindən real görünmədiyini qeyd edib.

Hərbi jurnalistin fikrincə, İran müharibədən əvvəl mümkün ssenariləri proqnozlaşdırdığı və rəhbər heyətdə ehtiyat kadrlar müəyyənləşdirdiyi üçün əvvəlki qarşıdurmada hakimiyyət dəyişikliyinin qarşısını ala bilib.

O bildirib ki, daxildə geniş etirazların baş verməməsi və SEPAH-ın mövqeyini daha da gücləndirməsi də bunu göstərir.

Səxavət Məmməd əlavə edib ki, ABŞ-nin İrana qarşı irəli sürdüyü nüvə arqumenti artıq əvvəlki təsir gücünü itirib və hazırkı proseslər daha çox geosiyasi maraqlar fonunda qiymətləndirilməlidir.

 

Elmar

Gununsesi.info