Yəməndə fəaliyyət göstərən husi hərəkatının hərbi imkanları Babəlməndab boğazında qlobal dəniz ticarəti üçün ciddi risk yaradır.
Gununsesi.info xəbər verir ki, bu fikirləri hərbi jurnalist Səxavət Məmməd səsləndirib.
Onun sözlərinə görə, husilərin boğazı fiziki olaraq tam bağlamasına ehtiyac yoxdur. Bir neçə gəminin raket və ya pilotsuz uçuş aparatları ilə vurulması belə beynəlxalq gəmiçilik şirkətlərinin marşrutlarını dəyişməsinə və Qırmızı dənizdən istifadəni azaltmasına səbəb ola bilər.
Səxavət Məmməd bildirib ki, bu vəziyyət sığorta xərclərini artırır və gəmiləri Afrika qitəsinin cənubundan keçən alternativ marşrutlara yönəldir.
Onun fikrincə, bu, Babəlməndab boğazını de-fakto yüksək risk zonasına çevirə bilər.
Hərbi jurnalist qeyd edib ki, husilərin arsenalında gəmi əleyhinə raketlər, uzaqmənzilli ballistik raketlər, müxtəlif tip pilotsuz uçuş aparatları, dəniz minaları və insansız dəniz vasitələri mövcuddur.
Səxavət Məmməd hesab edir ki, növbəti hərbi gərginliyin əsas istiqamətlərindən biri məhz Babəlməndab boğazı ola bilər.
Onun fikrincə, bölgədə mümkün eskalasiya həm qlobal ticarətə, həm də Yaxın Şərqdə qüvvələr balansına ciddi təsir göstərə bilər.
Elmar











