Hökumətin hesabatları Prezidentin elan etdiyi siyasətə uyğun deyil - SABİT BAĞIROV

  • By admin
  • 03 Yanvar 2023 21:21

İctimai Birliklərin MSŞA Koalisiyası 2022-ci ilin son günündə özünün sonuncu və mühüm tədbirini keçirib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdan göndərilən məlumatda deyilir.

Tədbir Koalisiyanın Dövlət Statistika Komitəsinin “Hasilat sənayesində şəffaflıq üzrə məcmu hesabat”-na dair hazırladığı rəyin təqdimatına həsr edilib.

Tədbirin əsas məruzəçisi koalisiya üzvü, SOCAR-ın sabiq prezidenti Sabit Bağırov olub.
S.Bağırov çıxışını, əsasən, 3 istiqamət üzrə qurub: hasilat sənayesinda son 19 ildə Hökumətin siyasəti, bu siyasətdəki dəyişikliklərin beynəlxalq standart prizmasından təhlili, Beynəlxalq standarta yaxınlaşmaq üçün nə etməli? O, hasilat sənayesində son 19 ildə Hökumətin siyasətini ,əsasən, 3 dövrə böldü: 2003 – 2016-ci illər, 2017 – 2019 –cu illər və 2020-dən sonrakı hal-hazıra qədərki dövr. İlk iki dövr haqqında ətraflı məlumat verən təqdimatçı daha sonra 2020-ci ildən sonrakı dövr və bu dövr üçün şəffaflığı xarakterizə edən əsas cəhətlər üzərində xüsusi dayanaraq qeyd edib ki, DSK-nın (hökumətin) hazırladığı son iki (2021 və 2022-ci illər) şəffaflıq hesabatları MHŞT standart və tələblərinə uyğun deyil və Prezidentinin «Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında» 28 iyul 2020 tarixli Fərmanında qeyd edilən «HSŞ sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq …» fikirinə ziddir.
Bu hesabatlar,əsasən, AR Dövlət Statistika Komitəsinin 2021-ci il 25 fevral tarixli 01/14s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Hasilat Sənayesində Şəffaflıq üzrə statistik göstəricilər sistemi”ndə nəzərdə tutulmuş və 14 adda birləşdirilmiş 218 göstəricinin şirkətlər üzrə təsvirindən ibarətdir.

Daha sonra, Sabit Bağırov konkret olaraq DSK-nın 2022-ci il üzrə hazırladığı Şəffaflıq hesabatının Beynəlxalq Standarta uyğun olmayan tasarımı (dizayn) üzərində dayanaraq aşağdakıları qeyd edib.
– Standartın tələb etdiyi bir çox mühüm məlumatlar verilmir;
– Standartın tələb etdiyi VC iştirakçılığı təmin edilmir;
– Şirkətlərdən əldə olunan məlumatların auditdən keçdiyinə dair məlumatlar yoxdur (yaxud bu barədə məlumat verilmir);
– Hər hansı analitik mülahizələri ehtiva edən zəruri qeydlər verilmir;
– Şirkətlər tərəfindən məlumatların açıqlanmasına icazə verilmədiyinə görə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə uyğun olaraq həmin məlumatların Dövlət Statistika Komitəsi tərəfindən ictimaiyyətə açıqlanması mümkünsüzlüyü mülahizələrini əsas götürərək bir sıra şirkətlər tərəfindən məlumatlar açıqlanmır;
– Qızıl və gümüş hasilatı ilə əlaqədar məlumatların tam olmaması;
– Hesabatın PDF faylı şəklində DSK vebsaytında təqdim edilməsi;
– Hesabatın adi vətəndaşlar üçün oxunaqlı qısa variantının olmaması və s.fərqlər.

Sonra, təqdimat ətrafında müzakirələr başlayıb və müzakirələrdə Koalisiya Şurasının üzvləri Fuad Həsənov (eyni zamanda PWYP (Ödədiyini Açıqla) Hərakatının Avrasiya Regionu Üzrə Qlobal Şura üzvü), Əziz Orucov, Jalə Cəfərova, Sadiq Həsənov, Cəmil Hacıyev, Koalisiya üzvlərindən Nəsrəddin Nurullayev, Nərminə Qəribova və başqalrı şıxış edərək öz fikir və mülahizələrini bildiriblər.

Gununsesi.info