İran İsrailin keçmiş müdafiə nazirini qaçırmağa cəhd edib

  • By admin
  • 20 May 2022 16:57

Son aylar ərzində İran kəşfiyyat orqanlarının israilli iş adamlarını xaricə sövq etmək və onları qaçırmaq cəhdlərinin qarşısı alınıb.

Bu barədə mayın 19-da İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) məlumat yayıb.

 

“İsrael Hayom” qəzetinin jurnalisti Lilah Şovalın sözlərinə görə, iranlıların hədəflərindən biri SAXAL-ın Baş Qərargahının keçmiş rəisi və İsrailin keçmiş müdafiə naziri Moşe Yaalon olub.

İranın kəşfiyyat rəsmiləri özlərini alim, jurnalist, sahibkar və ya xeyriyyəçi kimi təqdim edərək müdafiə layihələrində iştirak edən bəzi israilli iş adamları və alimlərlə əlaqə saxlayıblar. Eyni zamanda onlar mövcud insanlara məxsus ad və soyaddan istifadə ediblər, əsl ad sahibləri isə bu cür “danışıqlardan” xəbərsiz olublar.

Şovalın sözlərinə görə, onu tələyə salmağa çalışdıqlarını anlayan Yaalon Baş Təhlükəsizlik Xidmətinə məlumat verib.

Xatırladaq ki, hazırda Yaalon Birləşmiş Ərəb Əmirliklərində yerləşən, kapitalının əksəriyyəti İsrail mənşəli olan “Synaptech” vençur kapitalı fonduna rəhbərlik edir.

Fond müdafiə, kompüter və maliyyə təhlükəsizliyi firmaları da daxil olmaqla təhlükəsizlik startaplarına sərmayə qoyur.

Gununsesi.info