“Təcrübə göstərir ki, İranda təkcə etiraz aksiyaları hər hansı çevrilişə səbəb olmaq üçün kifayət deyil. Çünki ölkədə son dərəcə güclü və köklü bir sistem formalaşıb. Bu sistemin onurğa sütunu, siniri, beyni və mərkəzi isə məhz İran İnqilab Keşikçiləri Korpusudur. Onlar faktiki olaraq paralel dövlət kimi fəaliyyət göstərirlər və etiraz aksiyalarına qarşı ən aqressiv, ən sərt mövqeni də məhz bu qurum nümayiş etdirir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib:

“İnqilab Keşikçiləri Korpusu prosesləri tam nəzarətdə saxlayır və bilavasitə İranın ali dini rəhbərinə məruzə edir. Onlar nə hökumətə, nə də prezident Məsud Pezeşkiana tabedirlər. Pezeşkian isə çıxışlarında dəfələrlə vurğulayır ki, İranda mövcud problemlərin səbəblərini xaricdə deyil, məhz ölkə daxilində axtarmaq lazımdır.
Daxildə genişmiqyaslı etirazlara səbəb olan əsas amillərdən biri isə ağır iqtisadi vəziyyətdir. İran realı tarixinin ən böyük devalvasiyasını yaşayır. Hazırda dünyada ən çox dəyər itirmiş iki valyutadan biri Venesuela, digəri isə İran valyutasıdır. Bu fakt ölkədəki iqtisadi böhranın miqyasını açıq şəkildə göstərir”.
Deputat qeyd edib ki, bundan əlavə, İran hökumətinin son illərdə həyata keçirdiyi geosiyasi planlar ölkənin real iqtisadi gücü ilə uyğunluq təşkil etmir:
“Məsələn, 2018–2023-cü illər ərzində İran neft satışından təxminən 253 milyard ABŞ dolları gəlir əldə edib. Lakin bu vəsaitlər daxili iqtisadiyyatın inkişafına, investisiyalara yönəldilməyib, daha çox geniş geosiyasi ambisiyaların maliyyələşdirilməsinə sərf olunub.
Təkcə Suriyada keçmiş Əsəd rejiminin dəstəklənməsinə görə İranın təxminən 30 milyard ABŞ dolları xərclədiyi bildirilir. Nəticədə isə həmin rejim çökdü və bu vəsait faktiki olaraq boşa getdi. Eyni zamanda Livan və Suriyada İranın geosiyasi maraqları naminə 25–30 milyard dollar həcmində əlavə xərclər həyata keçirildi. Lakin son illərin, xüsusilə də son ayların prosesləri göstərdi ki, bu xərclər də özünü doğrultmadı.
Bütün bunların fonunda ölkədə iqtisadi böhran dərinləşir, enerji sektoruna səmərəsiz subsidiyalar verilir, planlaşdırılmamış və iqtisadi baxımdan effektiv olmayan addımlar atılır. Üstəlik, su qıtlığı İran üçün ən ciddi problemlərdən birinə çevrilib. Hətta ölkədə “su mafiyası” adlandırılan qrupların mövcudluğu, su resursları üzərindən manipulyativ fəaliyyətlər apardığı barədə iddialar səsləndirilir. Bu məsələ ilə bağlı İran hökuməti ilə İnqilab Keşikçiləri Korpusu arasında qarşılıqlı ittihamlar və fikir ayrılıqları da müşahidə olunur”.
Deputat qeyd edib ki, bütün bu faktorlar birlikdə İranda son dərəcə ciddi və dərin bir böhranın mövcud olduğunu göstərir:
“Məncə, bu vəziyyət artıq sadəcə daxili məsələ olmaqdan çıxır. Xüsusilə ABŞ, İsrail və Donald Trampın açıqlamaları diqqət çəkir. Tramp bəyan edib ki, əgər İranda etiraz aksiyalarının iştirakçılarına qarşı fiziki zorakılıq artarsa və onların həyatı təhlükə altına düşərsə, ABŞ İrana hərbi müdaxilə edə bilər.
Bu baxımdan hesab edirəm ki, İrana hücum ehtimalı kifayət qədər yüksəkdir. Çünki etirazlar zamanı ölənlərin sayı artır, toqquşmalar daha da kəskinləşir və ölkədə böhranın dərinləşdiyi açıq şəkildə görünür”.
Şəbnəm Rəhimova











