ABŞ Dövlət Departamentinin 2024-cü ilə dair insan haqları hesabatı yayımlanıb.
Hesabatda Azərbaycanda əmək hüquqlarının pozulması və müstəqil həmkarlar ittifaqlarına qarşı davamlı maneələrin mövcudluğu ilə bağlı ciddi iddialar yer alıb.
Bildirilib ki, işçilərin birləşmə azadlığına ciddi və sistemli məhdudiyyətlər tətbiq olunur.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan“Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, həmkarlar ittifaqları yuxarıdan deyil, aşağıdan, işçilərin öz təşəbbüsü ilə yaradılan təşkilatlardır:
“Əgər işçilər özləri birləşib həmkarlar ittifağını yaratmayıblarsa, digər yollarla yaradılan qurumlar həqiqi həmkarlar ittifaqları sayılmır. Vaxtilə jurnalistlər həmkarlar ittifaqını qeydiyyatdan keçirsələr də, heç bir müstəqil qəzet işçisi orada birləşməyib.
Ona görə də ABŞ Departamentinin irəli sürdüyü bu fikrə bir mənalı olaraq deyə bilərəm ki, əvvəla icazə verməyən elə xarici milli korporasiyalardır. Bura bp və digər ABŞ şirkətlərini aid etmək olar. İkincisi, işçilərin öz arzusu olmadan yaradılan həmkarlar ittifaqları mənasız bir qurumdur. Onu yaratmaqdansa, yaratmamaq daha yaxşıdır. İşçilər təşəbbüs göstərsələr və onun qarşısını alsalar, o zaman Dövlət Departamenti bu barədə fikir ortaya qoyardı. Mən bu fikirlə razı deyiləm”.
Sahib Məmmədov sözlərinə görə, ABŞ-da 140 il ərzində həmkarlar ittifaqları təqib olunub:
“İşçilərin cəmi 8 faizi, bəlkə də ondan da azı, həmkarlar ittifaqlarında birləşiblər. İşçilərin yaratdığı həmkarlarını ittifaqını qeydə almayıblar. İlk dəfə 1932-ci ildə onların yaranmasına yüngül şəkildə icazə verilib. Lakin ondan sonra yenə təqib edilib. ABŞ bu sarıdan heç də fəxr ediləsi dövlət deyil.
Yeni Amerika o dövlətlərdəndir ki, daima həmkarlar ittifaqlarını sıxışdırıb və nəticədə işləyənlərin 5–6 faizi, uzaq başı 8 faizi həmkarlar ittifağının üzvü olub. Ona görə də onların bu yöndə danışmağa heç sözü yoxdur”.
Şəbnəm Rəhimova












