İtaliyanın 5 regionunda fövqəladə vəziyyətin SƏBƏBİ

  • By admin
  • 06 İyul 2022 13:32

İtaliyada hökumət quraqlıqdan ən çox zərər çəkən 5 bölgədə fövqəladə vəziyyət elan edib. Son 70 ilin ən şiddətli quraqlıq böhranı ilə üzləşən ölkədə Baş nazir Mario Draqinin başçılığı ilə toplanan Nazirlər Şurası quraqlıqdan ən çox təsirlənən 5 şimal bölgəsi üçün bir sıra qərarlar imzalayıb.

Gununsesi.info bunu yerli mətbuata istinadən xəbər verir.

Nazirlər Şurası Piedmont, Lombardiya, Veneto, Emilia-Romagna və Friuli Venezia Giulia bölgələrində fövqəladə vəziyyət elan edərkən, böhrandan çıxmaq üçün təxminən 36,5 milyon avro vəsait ayırıb. Sözügedən resursdan ən böyük pay Emiliya-Romanya (10,9 milyon avro) bölgəsinə veriləcək.

İtaliya Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, bu bölgələrdə 270 min təsərrüfat çətin vəziyyətdədir.

İlin əvvəlindən yağıntıların miqdarının əvvəlki illərlə müqayisədə yarıbayarı azalması və son həftələrdə havaların kəskin isti keçməsi səbəbindən sözügedən rayonlarda bəzi bələdiyyələr içməli suyun istifadəsi və kənd təsərrüfatının suvarılmasında məhdudlaşdırıcı tədbirlərə əl atmalı olublar.

Qeyd edək ki, fövqəladə vəziyyət elan edilən rayonlardan keçən ölkənin ən böyük və ən uzun Po çayında quraqlıq səbəbindən suyun səviyyəsi normadan 80 faiz aşağı olub.

Mütəxəssislər bildirirlər ki, quraqlıq böhranı ölkə üzrə kənd təsərrüfatı istehsalının 30 faizini təhdid edir və indiyədək aqrar sektora 3 milyard avroya yaxın ziyan vurub.

Gununsesi.info