İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdar artisti, İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, Milandakı “Aida” və “Orizon” Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyev Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək İtaliyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycanın mədəniyyətinin Avropada təbliği istiqamətində mühüm işlər görüb.
Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün daha da möhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə dostlar qazandırıb.
Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əməkdar artist fəxri adı alıb, həmçinin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsi Mais Nuriyevin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.












