“Kəlbəcərli şəhid Ülfət Kərimovla bağlı bölgə əhalisinin istəyini səsləndirmişdim. Təəssüf ki, məsələ ilə əlaqədar müəyyən addımlar atılsa da, hələ konkret nəticə əldə edilməyib. Kəlbəcər camaatı şəxsi məsələlərdən çox dövlət maraqlarına, ümumilli xarakter daşıyan mövzulara toxunaraq müraciətlər ünvanlayır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı noyabrın 19-da keçirilən plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:
“8 noyabr Zəfər Günümüzün 5-ci ildönümünü qeyd etdik. Bu zəfər haqq savaşımızın nəticəsi, milli kimliyimizin və ədalətin bərpasıdır. Bu gün bayrağımızın Qarabağda dalğalanması həm şəhidlərimizin qanı, həm də cənab Prezidentimizin uzun illər ərzində düşünülmüş, ardıcıl və strateji şəkildə həyata keçirdiyi siyasətin bəhrəsidir”.
Deputat əsir düşmüş Kəlbəcər sakini Zərnişan Cəmalovadan da bəhs edib:
“O, işğal dövründə əsir düşməmək üçün Qamışlı ərazisində körpüdən özünü ataraq şəhid olmuşdur. Bununla bağlı, hələ 90-cı illərdə Heydər Əliyev Kəlbəcər əhalisi ilə görüşündə torpaqlar azad edildikdən sonra həmin ərazidə Zərnişan xanımın xatirəsinə abidə ucaldılacağını vurğulamışdı. Bu istəyin reallaşdırılması camaatımız üçün böyük mənəvi əhəmiyyət daşıyır.
İkinci məsələ tank komandiri şəhid Natik Məlikovla bağlıdır. Camaat tərəfindən ona Milli Qəhrəman adı verilməsi barədə çoxsaylı müraciətlər olub. Natik Məlikov son döyüşünü Kəlbəcərdə, Bağlı bəy istiqamətində vermişdir və göstərdiyi qəhrəmanlıq nümunəsi böyük əhəmiyyət kəsb edir. Bu məsələnin müvafiq qurumlarda yenidən nəzərdən keçirilməsi xahiş olunur”.
Şəbnəm












