Karantin rejimi sərtləşdirilə bilər, çünki… – Həkim AÇIQLADI

  • By admin
  • 11 Mart 2021 14:19

“Son aylar Azərbaycanda COVID-19-a yoluxma sayında artım var. Mən deməzdim ki, bu, əhalinin məsuliyyətsizliyi ilə əlaqədardır. İnsanlar maskadan istifadə edir, sosial məsafə də saxlayır. Amma yoluxma artır. Demək yoluxmanın artmasına başqa səbəblər də var”.

Bunu Publika.az-a açıqlamasında bir ilə yaxındır koronaviruslu xəstələrin müalicəsi prosesində yaxından iştirak edən Məlahət İsayeva deyib. Həkimin sözlərinə görə, təkcə maska və sosial məsafə saxlamaq kifayət etmir:

“Metroların işləməməsi avtobuslarda sıxlıq yaradır. Kafelərin açılması, dükan və bazarlarda sıxlığın olması, havaların soyuq keçməsi, virusun mutasiyaya uğraması və s. öz təsirini göstərir. Yaz və yay aylarında artımda fərq yox idi. Amma fikir verirsinizsə, qış fəslində yoluxma sayı artmağa başladı. Əlbəttə, buna səbəb qış aylarında havaların soyuq, şaxtalı və sərt keçməsi oldu. Buna görə viruslar aktivləşdi. Xüsusilə kəskin respirator virus xəstəlikləri şaxtalı havalarda daha da aktivləşir”.

M.İsayeva qeyd edib ki, immuniteti zəif olan insanlar qış fəslində sağlam insanlara nisbətən daha tez xəstələnir, virusa tez yoluxur:

“Qarşıdan yaz fəsli gəlir. Əgər bu fəsildə də yoluxma sayında artım olarsa, yəqin ki, karantin rejimi sərtləşdirilə bilər. Əlbəttə, buna Operativ Qərargah qərar verəcək. Hazırda ölkəmizdə vaksinasiya işləri uğurla aparılır. İnsanlar böyük həvəslə poliklinikamıza gəlib vaksin vurdururlar. Artıq insanlar bu virusun neçə-neçə can aldığının şahididir. Ona görə insanlar özlərinin və yaxınlarının xəstələnməsini istəməzlər. Ümid edək ki, bahar fəsli insanların üzünə güləcək və yoluxma sayı azalmağa doğru gedəcək”.

Gununsesi.info