Bu gün 1 aprel gülüş günüdür. Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Yaşar Nuri, Siyavuş Aslan, Hacıbaba Bağırov və s. bir çox gülüş ustalarımızın olduğu vaxtlarda gülüş daha keyfiyyətli və düşündürücü idi. Bəs görəsən indi gülüş var, yoxsa “ölüb”?
Gununsesi.info xəbər verir ki , Moderator.az bu sualı peşəkar gülüş ustalarına ünvanlayıb.
Xalq artisti Naibə Allahverdiyeva müasir gülüşü qəbul etmədiyini bildirib.
“Öncə gülüş günü münasibəti ilə bütün insanları təbrik edirəm. Deyirlər gülüş ömrü uzadır. Arzu edirəm ki, dünyadakı bütün müharibələr bitsin, insanların ruhu rahatlasın. Bizim zamanımızda insanların üzündə təbəssüm var idi. Amma zəmanə indi tamam dəyişilib, gənclərin üzündə də təbəssüm yoxdur. O ki, qaldı sənətçilərin insanların üzündə gülüş yaratmağına… Bu gün komediya ilə təlxəkliyi səhv salıblar. Komediya janrını yüngül janr səviyyəsinə çatdırıblar. Bütün bunlar da televiziyalara yol açdı. Əvvəl gözəl yumor yazarlarımız var idi, elə bil onlar küsdülər, kənara çəkildilər. Onların yerini komediyadan bixəbər insanlar tutdu. Hansı ki, bu sahədən anlayışı yoxdur, əlinə qələm alıb, ssenari yazır. İndi küçədə kim nə danışırsa, məhəllə gülüşlərini lentə alıb, sosial şəbəkədə yerləşdirir. Bu da olur gülüş! Əvvəl hadisə gülüşü var idi, indi söz gülüşüdür”, – deyə Naibə Allahverdiyeva bildirib.
Aktyor Elməddin Cəfərov bildirib ki, gülüş ölməyib, lakin…
“Yumor, gülüş ölüb deyənlərlə razı deyiləm. Yumor ölməyib, ağır xəstələnib, yataq xəstəsidir (gülür). Bu sahədə düzgün təbliğatçılar çox azdır. Yumor adıyla götürüb video çəkib, sosial şəbəkədə paylaşırlar. İndi baxım seçimi çoxdur. Üstəlik də trend mövzusu ortaya çıxıb. Sənin yumorun, mahnın pis olsa belə trenddəsənsə demək ki, üstünsən. Ona görə də kütlədə fikir formalaşır ki, Azərbaycanın yumoru budur! Mən heç vaxt demirəm ki, əjdahayam, ay beləyəm. Son illərdə çəkilən bir neçə komediyada rol almışam, kütlə tərəfindən də filmlər bəyənilib. “Yumor yoxdur” deyib həmkarlarımızın da işinə kölgə sala bilmərik. Heç kimə deyə bilmərəm ki, işini-gücünü burax, bunu təbliğ et. Heç kim təmənnasız heç nəyə xidmət etmək istəmir. Deyə də bilmirəm ki, niyə bunu edirsən? Deyir ki, 5 dollar pul verir. 5 dollara görə bu addımı atmağa dəyərmi? Çıxarıb 5 dolları verən lazımdır ki, bu addımı atma”, – deyə Elməddin Cəfərov bildirib.
Aktyor Allahverdi Yolçuyev də mövzuya özünəməxsus münasibət bildirib.
““Yazıq o şəxsə ki, qaraqabaqdır, nə gözəl yaraşır insana gülmək”. İnsan sevincindən gülə bilər, balaca uşağın hərəkətinə gülə bilər, çox qəribədir ki, yıxılan adama da bizdə gülürlər. Lətifə danışanda gülə bilərsən, amma çox təəssüf ki, indi söyüş dolu lətifələr sosial şəbəkədə qabağıma çıxır. Çox qəribədir ki, bizim böyük sənətkarımız Əliağa Ağayev kiçik bir restoranda qonaqların sırasında əyləşib, əhvalat danışıb, qonaqlar da gülüb, özü də gülüb və keçinib. Buna da gözəl ölüm deyirlər, gülə-gülə dünyadan köçmək hər insana nəsib olmur. Mən indiki seriallarda, verilişlərdə yaddaqalmayan gülüşlər görürəm. Çoxu da ləhcəni gülüşlə səhv salır. Gülüş çəkisini, motivin itirib”, – deyə aktyor bildirib.
Aktyor Nicat Rəhimov bildirib ki, insanları güldürmək çox çətindir.
“Ümumiyyətlə kimisə güldürmək çox çətin işdir. İndiki zəmanədə ikiqat çətindir. Çünki insanları güldürmək, təəccübləndirmək müşkül məsələyə çevrilib. İnsanları güldürə bilməyənlər isə özlərini gülünc vəziyyətinə salırlar. Orada istər-istəməz söyüş də, ara zarafatları da olur ki, təki güldürüm. Hər adam güldürə bilməz. Həyatda süni gülənlər də var ki, həyatları da özləri kimi sünidir. Əslində güldüyü qədər deyil”, – deyə aktyor bildirib.
Gununsesi.info