Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını, dünya azərbaycanlılarını və Türk dünyasını təbrik edib.
KXCP-nin Mətbuat Xidmətinin 5 noyabr 2026-cı il tarixli bəyanatında 8 Noyabrın müasir Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğu vurğulanıb.
Bəyanatda qeyd olunub ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın sarsılmaz birliyi və Ali Baş Komandanın siyasi iradəsi sayəsində Şuşa başda olmaqla, Qarabağ düşmən işğalından azad edilib.
Partiyanın bəyanatında Qarabağ Zəfərinin Bütöv Azərbaycan idealına doğru atılmış ən böyük və tarixi addım olduğu bildirilib. Vurğulanıb ki, bu gün Şuşada dalğalanan Azərbaycan bayrağında bütün şəhidlərin ruhu yaşayır.
KXCP bəyanatında üç əsas məqamı xüsusi olaraq diqqətə çatdırıb:
- Qarabağ Zəfəri Azərbaycan dövlətçiliyinin və türk xalqının yenilməzliyinin təntənəsidir.
- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan bu tarixi qələbə Azərbaycan–Türkiyə qardaşlığının və “Bir millət, iki dövlət” prinsipinin gücünü bütün dünyaya nümayiş etdirib.
- Bu Zəfər Böyük Turan yolunun başlanğıcıdır və geri dönüşü yoxdur!
Bəyanatda Zəfər Gününün memarı olan, Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlər, o cümlədən Xalq Cəbhəsinin şəhid övladları dərin ehtiram və rəhmətlə yad edilib, qazilərə cansağlığı arzulanıb.
KXCP bəyanatını bu sözlərlə yekunlaşdırıb:
“Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Bütöv Azərbaycan!”












