Mikayıl Cabbarov: Azərbaycan qeyri-neft ixracını son 6 ildə iki dəfə artırıb

Azərbaycan son altı il ərzində qeyri-neft ixracını təxminən iki dəfə artırmağa nail olub və bu istiqamətdə müsbət dinamika davam edir.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, cari ilin ilk dörd ayında qeyri-neft ixracı 17 faizdən çox artıb.

O qeyd edib ki, hökumət yalnız ixracın həcminə deyil, həm də onun keyfiyyətinə, məhsul çeşidinin və ixrac coğrafiyasının genişlənməsinə xüsusi diqqət yetirir.

Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın qeyri-neft ixracında əsas istiqamətlərdən biri yeni bazarlara çıxış imkanlarının artırılmasıdır.

Onun sözlərinə görə, hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanla preferensial ticarət mexanizmləri çərçivəsində əməkdaşlıq genişlənir və bu ölkələrə qeyri-neft məhsullarının ixracında artım müşahidə olunur.

Nazir vurğulayıb ki, qeyri-neft ixracının inkişafında özəl investisiyalar mühüm rol oynayır. O qeyd edib ki, investorlar ölkəyə yalnız maliyyə vəsaiti deyil, həm də yeni texnologiyalar, bilik və idarəetmə təcrübəsi gətirirlər ki, bu da istehsalın genişlənməsinə və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.

Mikayıl Cabbarovun sözlərinə görə, ixrac potensialının artırılması üçün dörd əsas istiqamət prioritet hesab olunur: məhsulun keyfiyyəti, brendin tanıdılması, etibarlı logistika və nəqliyyat əlaqələri, eləcə də maliyyə əlçatanlığı.

Nazir əlavə edib ki, Azərbaycanın ticarət balansı uzun müddətdir profisit nümayiş etdirir. Bu isə ixracın idxalı üstələməsi hesabına milli valyutanın sabitliyinə, qiymət sabitliyinə və ümumilikdə iqtisadi dayanıqlığa mühüm töhfə verir. Onun fikrincə, regionun bir sıra ölkələrində müşahidə olunan yüksək inflyasiya və milli valyutaların dəyərsizləşməsi əsasən ticarət balansındakı kəsirlərlə bağlıdır.

Mikayıl Cabbarov hesab edir ki, Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi istiqamətində möhkəm iqtisadi baza formalaşıb və özəl sərmayələrin artan dinamikası bu prosesə əlavə təkan verir.

Gununsesi.info