İnsan dünyaya hansısa millətin nümayəndəsi kimi gəlmir.
Yəni o, əvvəlcə insandır, sonra müəyyən bir coğrafiyanın, dilin, mədəniyyətin, tarixin və millətin daşıyıcısına çevrilir, beləcə, doğulduğu torpağın dilində danışmağı, həmin torpağın adət-ənənələrini, inanclarını, davranış qaydalarını mənimsəməyi öyrənir.
Bir sözlə, onun dünyagörüşü həm milli, həm də bəşəri təcrübənin təsiri altında formalaşır.
Lakin burada maraqlı bir sual da meydana çıxır.
Görəsən, insanın dəyər ölçüsü öz millətinin yaratdığı mənəvi sistem olmalıdır, yoxsa bütün insanlığı əhatə edən ümumbəşəri prinsiplər?
Başqa sözlə, milli-mənəvi dəyərlər yaxşıdır, yoxsa bəşəri dəyərlər?
Bu sualın cavabını tapmaq üçün əvvəlcə dəyərlərin nə olduğunu, onların hansı ehtiyacdan yarandığını və insan həyatında hansı funksiyanı yerinə yetirdiyini anlamaq lazımdır.
Milli-mənəvi dəyərlər müəyyən bir xalqın tarix boyu formalaşdırdığı, nəsildən-nəslə ötürdüyü davranış normaları, adətləri, inancları, dünyagörüşü və mədəni təcrübələridir.
Dil, musiqi, ədəbiyyat, ailə münasibətləri, qonaqpərvərlik, böyüyə hörmət, vətən sevgisi, milli yaddaş və tarixi ənənələr bu dəyərlər sisteminin tərkib hissələridir.
Bəşəri dəyərlər isə insanın milliyyətindən, dinindən, dilindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq onun insan kimi hüquqlarını və mənəvi mahiyyətini müəyyənləşdirən prinsiplərdir.
Ədalət, azadlıq, ləyaqət, vicdan, mərhəmət, bərabərlik, sülh, insan hüquqları və başqasının həyatına hörmət bu dəyərlərin əsasını təşkil edir.
Göründüyü kimi, milli-mənəvi dəyərlər daha çox müəyyən bir cəmiyyətin tarixi və mədəni təcrübəsindən doğur, bəşəri dəyərlər isə insanın ümumi mahiyyətindən qaynaqlanır.
Amma məsələ bu qədər də sadə deyil.
Milli olan hər şey mütləq yaxşı, bəşəri olan hər şey isə mütləq doğru deyil.
Eyni zamanda, milli olan hər şeyi köhnəlmiş, bəşəri olan hər şeyi mütərəqqi hesab etmək də yanlışdır.
Çünki hər bir dəyər onun hansı şəraitdə yarandığına, insan həyatına nə verdiyinə və hansı nəticələr doğurduğuna görə qiymətləndirilməlidir.
Milli dəyərlər insanı formalaşdırır, bəşəri dəyərlər isə onun düşüncə sərhədlərini genişləndirir.
İnsan öz milli kimliyindən kənarda mövcud ola bilməz. Ən azı, o, müəyyən bir dilin, mədəniyyətin və tarixi yaddaşın içərisində dünyanı tanıyır. Ana dili insanın yalnız ünsiyyət vasitəsi deyil, həm də düşüncə dünyasının ilkin memarlığıdır. İnsan ilk sevgisini, ilk qorxusunu, ilk sevincini və ilk kədərini həmin dildə ifadə edir.
Milli mədəniyyət insana mənsubiyyət hissi verir. Haradan gəldiyini, hansı tarixin davamçısı olduğunu, hansı mədəniyyətin içərisində formalaşdığını xatırladır. Bu baxımdan, milli dəyərlərin əhəmiyyətini inkar etmək mümkün deyil.
Yaxşı, bəs bəşəri dəyərlər niyə milli dəyərlərdən üstündür?
Milli kimliyin insan həyatındakı əhəmiyyətini qəbul etmək heç də milli dəyərləri mütləq mənəvi ölçüyə çevirmək demək deyil.
Milli kimlik insanın haradan gəldiyini göstərir, amma onun necə insan olmalı olduğunu müəyyənləşdirən yeganə meyar da deyil.
Başqa sözlə, milli dəyərlər insanın kimliyini formalaşdırır, bəşəri dəyərlər isə onun mənəvi keyfiyyətlərini müəyyənləşdirir.
Məsələn, insanın hansı dildə danışması, hansı musiqiyə qulaq asması, hansı bayramları qeyd etməsi, hansı mədəniyyətə mənsub olması onun milli kimliyinin göstəriciləridir.
Ancaq onun ədalətli, mərhəmətli, vicdanlı, azad düşüncəli və başqalarının hüquqlarına hörmət edən biri olması artıq bəşəri dəyərlərlə bağlıdır.
Bu iki sistem arasında əsas fərq də məhz buradadır.
Milli dəyərlər müəyyən bir xalqın daxilində formalaşır və həmin xalqın tarixi təcrübəsini əks etdirir. Bəşəri dəyərlər isə millətlərin sərhədlərini aşaraq bütün insanlara şamil olunur.
Başqa sözlə, milli dəyərlər insanları müəyyən bir mədəniyyət ətrafında birləşdirir, bəşəri dəyərlər isə fərqli mədəniyyətlərə mənsub insanların eyni mənəvi müstəvidə görüşməsinə imkan yaradır.
Digər tərəfdən, biz artıq əvvəlki əsrlərin dünyasında yaşamırıq. İnsanların bir-birindən coğrafi, siyasi və mədəni baxımdan təcrid olunmuş şəkildə mövcud olduğu dövr geridə qalır.
Texnologiya, internet, süni intellekt, beynəlxalq iqtisadi münasibətlər, miqrasiya, qlobal kommunikasiya və elmi tərəqqi dünyanı vahid qarşılıqlı əlaqələr sisteminə çevirib. Bu gün bir ölkədə baş verən hadisə qısa müddətdə başqa ölkələrin də gündəminə çevrilir. Bir xalqın problemi başqa xalqların həyatına təsir göstərir. İqlim dəyişikliyi, müharibələr, epidemiyalar, yoxsulluq, ekoloji fəlakətlər və texnoloji təhlükələr heç bir milli sərhəd tanımır.
Belə bir dünyada yalnız milli çərçivədə düşünmək kifayət etmir.
Müasir insanın qarşısında duran problemlər də getdikcə daha çox ümumbəşəri xarakter alır. Onların həlli də ümumbəşəri düşüncə, beynəlxalq əməkdaşlıq və ortaq mənəvi prinsiplər tələb edir.
Bu gün insanın yalnız hansı millətə mənsub olması deyil, dünyaya, insanlığa və gələcəyə münasibəti də əhəmiyyət daşıyır.
Əgər keçmişdə milli kimlik cəmiyyətlərin özünü qorumasında əsas amillərdən biri idisə, müasir dövrdə insanlığın ortaq problemləri qarşısında bəşəri kimlik də eyni dərəcədə vacib əhəmiyyət kəsb edir.
Əlbəttə, bu, milli dövlətlərin, dillərin və mədəniyyətlərin əhəmiyyətini itirməsi demək deyil.
Söhbət milli kimliyin aradan qaldırılmasından yox, onun daha geniş mənəvi dünyagörüşünün tərkib hissəsinə çevrilməsindən gedir.
Orxan Saffari
Gununesi.info












