Natavən peşəkar jurnalist idi, efirdə suflyordaki mətni belə dəyişərək oxuyurdu -NİGAR MAHMUDOVA YAZIR

“Ümidə hönkürə-hönkürə dedi “can verir”. Onkologiyanın həyətinə təzə çatmışdım. Onlar da Natavanın yanından aşağı düşürdülər.. Ümidə, Lalə, Samirə. Keçmiş ANS-çilər. Ləman Ələşrəfqızı və Ayşəm də aşağıda oturub ağlayırdılar. Ayaq saxladım. Belə vəziyyətdə yuxarı çıxmağa ayağım getmədi. Həm Ümidənin sözünü bəlkə hərfi mənada qəbul eləmədim, eləmək istəmədim. Saatlarının qaldığını bilsəm də möcüzə üçün dua edirdim, inanırdım. 5 dəq sonra gələn Ülviyyə ilə qalxdıq yuxarı. Dəhlizdə bizə qarşı gələn qadın dedi “Natavan getdi”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xəzər TV-nin aparıcısı Nigar Mahmudova onkoloji xəstəlikdən vəfat edən həmkarı Natavan Babayeva haqda paylaşdığı postda yazıb.

O bildirib ki, Babayeva dünyasını dəyişməzdən əvvəl yanında əri, qayınanası və bibiləri olub. Mahmudovanın sözlərinə görə, doqquzuncu sinifdə təhsil alan 14 yaşlı oğlu anası ilə son dəfə vidalaşa bilib:

“Biz otağa girəndə artıq üzünü örtmüşdülər. Bir neçə dəqiqə çatmadım. Bibiləri, əri, qayınanasının əhatəsində idi. Sonra “bacım”, “mükafatım” dediyi, bütün bu dövrdə hər cür yanında olan Əfsanə Mehdiyeva gəldi. “Efirdəydim, niyə məni gözləmədin deyib” fəryad elədi. Üzünü açıb öpdü. Sonra oğlunu gətirdilər Natavanın. O, doqquzuncu sinifdə oxuyur. “Dodi” deyirdi ona Natavan. Sözünün başı-ayağı “Dodi” idi. Balasından narahat getdi”.

Nigar vurğulayıb ki, Natavan ölümündən əvvəl “Vay cavan canım” deyib, tez-tez saatı soruşubmuş:

“Can ay, Natavan. Özü də inanmırdı gedəcəyinə. Keçən dəfə pis olanda getmişdim yanına. Deyirdi “mənə aeroportda dimedrol vurdular, ona görə pis oldum”.

Mən də dedim səni çox yaxşı gördüm. Həqiqətən də üzündə, baxışlarında halsızlıq, xəstəlik əlaməti yox idi. Öləcəyini bildiyim andan isə beynimdə fırlanan əsas fikir budur:

“Natavan çox yaxşı insandır”. “Ölən adam haqqında həmişə yaxşı danışırlar” deyə bilər tanımayanlar. Amma yox. Buna görə demirəm. Natavan həqiqətən fitnə-fəsaddan uzaq idi, qeybət elədiyini heç eşitmədim. Çox yaxşı, vicdanlı insan idi. Peşəkar jurnalist idi. Efirdə suflyordaki mətni belə redaktə edərək, dəyişərək oxuyurdu bir də görürdün. Onun belə tez gedəcəyi heç birimizin ağlına gəlməzdi. Özü də ölümündən qabaq “Vay cavan canım” deyirmiş.

Bir də saatı soruşurmuş tez-tez. Son dəfə saat 6-dır deyiblər. “Çox şükür” deyib. 7-yə çatmadı, “getdi” Ard-arda itirdiyi ana-atasının yanına. Yerin cənnət olsun, Natış, gözəl insan, deyib onu son mənzilinə yola saldıq. Ona sonuncu dəfə baxdıq. Və beləcə Natavanla vidalaşdıq bu gun bu fani dünyada”.

Qeyd edək ki, Natavan Babayeva illər əvvəl keçmiş ANS televiziyasında çalışıb. O son illər AzTV-də xəbərlər verilişinin aparıcısı olub. Natavan uzun sürən onkoloji xəstəlikdən ötən gün Milli Onkoloji Mərkəzində 46 yaşında dünyasını dəyişib. O bu gün səhər saatlarında doğulduğu Salyan rayonunun Parça Xalac kəndinə gətirilərək dəfn olunub.