Naxçıvan büdcəsində gəlir artımı ilə yanaşı uçot və planlaşdırma nöqsanları aşkarlanıb

  • By Admin2
  • 22 Aprel 2026 14:03

Hesablama Palatasının 2025-ci il İş planına uyğun aparılan analitik təhlilə əsasən Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcə icrası qiymətləndirilib.

Gununsesi.info xəbər verir ki, ümumi nəticələrə görə, büdcə gəlirləri 261,5 mln. manat təşkil edib və bu, həm əvvəlki ildən 41,8% çox, həm də yenidən baxılmış proqnozdan 37,3% artıq icra deməkdir. Artıq icranın əsas mənbələrini vergi daxilolmaları, xüsusilə yol vergisi, mənfəət vergisi, ƏDV və aksizlər təşkil edib.

Gəlirlərin 86,7%-i Vergi Xidməti, 8,5%-i Gömrük Komitəsi, qalan hissəsi isə büdcə təşkilatlarının ödənişli xidmətləri və digər mənbələr hesabına formalaşıb.

Bununla yanaşı, bəzi sahələrdə uyğunsuzluqlar aşkar edilib. Məsələn, bəzi vergi növləri üzrə artım barədə təqdim olunan izahatlarla hesabat göstəriciləri arasında fərqlər qeydə alınıb, eyni zamanda bəzi istiqamətlərdə əvvəlki illə müqayisədə azalma müşahidə olunub.

“Yol vergisi” və “sair daxilolmalar” üzrə proqnozlaşdırmadan xeyli yüksək icra (bir sıra hallarda 10 dəfədən çox) gəlir potensialının düzgün qiymətləndirilmədiyini göstərib.

Büdcə xərcləri 429,6 mln. manat olmaqla 79,7% icra edilib. Ən aşağı icra “iqtisadi fəaliyyət” sahəsində qeydə alınıb (46,4%), ən yüksək icra isə sosial və kənd təsərrüfatı sahələrində olub.

Təhlil göstərib ki, qeyri-maliyyə aktivləri üzrə ayrılmış vəsaitlərin bir hissəsi istifadə olunmayıb, əsaslı vəsait qoyuluşu və əsaslı təmir üzrə xərclərdə gecikmələr yaranıb.

Yerli büdcələr üzrə də uyğunsuzluqlar aşkarlanıb: gəlirlər 21,2% artsa da, xərclər 23,8% azalıb. Bəzi vəsaitlərin ilin sonunda mərkəzi xəzinəyə qaytarılması hesabatlılıqda fərqlər yaradıb.

Hesablama Palatası ümumilikdə qeyd edib ki, büdcə gəlirlərinin artmasına baxmayaraq, planlaşdırma, təsnifat və uçot sistemində uyğunsuzluqlar mövcuddur. Buna görə də gəlir proqnozlarının daha dəqiq hazırlanması, büdcə təsnifatının düzgün tətbiqi və maliyyə axınlarının şəffaflaşdırılması ilə bağlı tövsiyələr verilib.

Maqsud

Gununsesi.info