Özəlləşdirmə çeklərinizi “suya atmayın” - Faktlar, sübutlar, incəliklər

  • By admin
  • 23 May 2022 11:46

Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmadığı problemi və bu çeklərin nominal dəyərinin qanunla birbaşa müəyyən edilməsinin vacibliyi

Giriş

Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilik ilə birbaşa tənzimlənərək onun üzərinə yazılmamış olması praktikada bu çeklərin müxtəlif qiymətlər ilə özəlləşdirmə prosesinə buraxılmasına səbəb olub. Bu durum dövlət özəlləşdirmə çekləri ilə bağlı doktrina və praktikada ən çox müzakirə olunan mövzulardan biri olub. Əsas müzakirə olunan sual isə dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilik ilə birbaşa tənzimlənərək, onun üzərinə yazılmamış olmasının, görəsən, çek sahiblərinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində tənzimlənən bərabərlik hüququnu və Konstitusiyasının 13-cü və 29-cu maddələrində tənzimlənən mülkiyyət hüququnu pozub-pozmadığı sualıdır. Məqalədə bu sual Azərbaycan Respublikası qanunvericiliyi bir bütün olaraq diqqətə alınaraq, hüquqi baxımdan təhlil edilib.

  1. Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmadığının təhlili

Qiymətli kağız növü kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunla müəyyən edilməməsinin hüquqi nəticələri təhlil edilmədən əvvəl dövlət özəlləşdirmə çeklərinin qiymətli kağızı olub-olmadığının hüquqi əsasının təhlil edilməsi faydalıdır. Belə ki, dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu birmənalı olaraq hamı tərəfindən qəbul olunur.

Bununla birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) qiymətli kağız anlayışını tənzimləyən 987-ci maddəsi təhlil edildiyi zaman onun qiymətli kağız olub-olmadığı şübhəli hala gələ bilər. Belə ki, MM-in 987.1-ci maddəsinə görə, qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Emitent qiymətli kağızı emissiya etmiş, buraxmış, tərtib etmiş və ya vermiş şəxsdir (m.987.1.). Bu tənzimləmədən belə bir sual meydana gəlir ki, dövlət özəlləşdirmə çeklərinin mülkiyyətçisi ilə və onun emitenti arasında müqavilə münasibətləri qurulubmu?

Məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti, mülkiyyətçisi isə Azərbaycan Respublikasının vətəndaşıdır. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsinin və tədavülünün asanlaşdırılması məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir. Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətlərinin qurulduğunu hesab etsək, bu nəticə Mülki Məcəllənin və Konstitusiyamızın tələblərinə də uyğun olar.

Qaldı ki, 15 may 2015-ci il tarixində dəyişdirilmiş Mülki Məcəllənin 987.1-ci maddəsində deyilirdi ki, “Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir”.

Məhz bu anlayış müqavilə münasibətinin varlığını məcburi formada tələb etmir. Ümumiyyətlə, bütün qiymətli kağızların etibralı olması üçün emitent ilə onun mülkiyyətçisi arasında müqavilə münasibətinin qurulmasını tələb etmək də qanunverciliyə ziddir. Mülki Məcəllənin 987.2-ci və 987.3-cü maddələrində deyilir ki, qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (987.3.).

Qiymətli kağızın məcburi rekvizitlərinin olmaması və ya qiymətli kağızın onun üçün müəyyənləşdirilmiş formaya uyğun gəlməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (987.3.). Bu normaların təhlilindən məlum olur ki, bir sənədin qiymətli kağız hesab edilə bilməsi üçün həmin sənəd Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətli kağızların növlərindən biri olmalı, bundan başqa həmin növ sənəd üçün nəzərdə tutulmuş məcburi rekvizitləri (şərtləri) daşımalıdır. Əks təqdirdə həmin sənəd qiymətli kağız deyildir.

Yəni qiymətli kağız növləri Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda məhdud formada sayılmış və bu sayılan növlərdən olmayan sənəd qiymətli kağız hesab olunmur. Məlum məsələdir ki, dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda ifadə olunmur.

Amma Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu ilə təsdiqlənmiş “I Dövlət Proqramı”nın (bundan sonra “I Dövlət Proqramı” adlanacaq) “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü abzasında deyilir ki, “Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas).

Bu normadan da məlum olur ki, I Dövlət Proqramı, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunun ona verdiyi səlahiyyət əsasında “dövlət özəlləşdirmə payını” ilk dəfə qiymətli kağız olan çekə bağladı və bərabərliyin təmin oluna bilməsi üçün həmin çeklərin hamısının verildiyi an eyni (nominal) dəyərə malik olduğunu ifadə etdi.

Təbii ki, Mülki Məcəllənin 01.09.2000-ci ildə, “Qiymətli kağızlar bazarı haqqında” Qanununda daha sonrakı tarixdə qüvvəyə mindiyini xatırlasaq, dövlət özəlləşdirmə çeklərinin 29 sentyabr 1995-cil tarixindən bəri qiymətli kağız olduğunu qəbul etməli oluruq. Bu səbəblə hesab edirik ki, Mülki Məcəllənin 987.2-ci maddəsindəki “qiymətli

kağızların növləri… Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir” ifadəsi “qiymətli kağızların növləri … Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlar ilə müəyyən edilir” şəkilində qəbul edilməlidir.

Qeyd edilənlərdən məlum olduğu kimi dövlət özəlləşdirmə çekləri qiymətli kağızdır, onların çıxarılmasının hüquqi əsası da 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunu ilə tənzimlənmiş “dövlət özəlləşdirmə paydır”. Həmin Qanunun 18-cı maddəsində “Özəlləşdirmə payı” anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Həmin Qanunun 10-cu maddəsində isə deyilir ki, “Özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilir”. Məhz Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair qəbul edilmiş ilk Dövlət Proqramı olan 29 sentyabr 1995-ci il tarixli I Dövlət Proqramı ilə Ulu Öndər Heydər Əliyev sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Respublikamızın əmlakının onun həqiqi sahibi olan Azərbaycan Respublikası xalqına (vətəndaşına) əvəzsiz qaydada verilməsinə xüsusi səy göstərmişdir.

  1. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı qanunvericilikdə olan normaların təhlili

Dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı normalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” (I Dövlət Proqramı) “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsində nəzərdə tutulur. Həmin 3-cü bölmədə deyilir ki, özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir (2-ci abzas).

Özəlləşdirmə payı – Respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər (3-cü abzas).

Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə) nağd qiymətli kağız formasında, olan, 4 (dörd), çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas). Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır (5-ci abzas). Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri – inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir (6-cı abzas).

Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən DƏK-in yerli qurumları ilə birlikdə tərtib edilir. Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir (7-ci abzas).

Bu proqramın xüsusilə 6-cı abzasına nəzər salsaq, görərik ki, bütün qiymətli kağızlar kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyiri birbaşa rəqəm ilə olmasa da, dolayı olaraq tənzimlənib. Həmin nomial dəyərin birbaşa tənzimlənməməsinin əsas səbəbinin çekləri inflyasiyanın təsirindən qorumaq olduğu qeyd edilir.

Belə ki, Ulu Öndər Heydər Əliyevin təkidi ilə dövlət özəlləşdirmə çekləri ilə bağlı başqa ölkələrdə yaşanmış hüquq pozuntular da nəzərə alınaraq, özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyərinin inflyasiyanın təsirindən qorunan əmlak ekvivalenti olduğu qanunla tənzimləndi. Məhz həmin 6-cı abzasda deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir və çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir”.

Bundan başqa, həmin Proqramın 3-cü bölməsinin 7-ci abzasında deyilir ki, “Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir”.

Yenə həmin Proqramın 3-cü bölməsinin 4-cü abzasında isə deyilir ki, “Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə) nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir”. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas).

Buradan məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir).

Bu qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununa zidd olmadığı üçün öz qüvvəsini saxlayır. Yəni dövlət özəlləşdirmə çeklərinin hər birinin nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni olan maddi ekvivalent və özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş pay (mülkiyyət hüququ) olduğu məsələsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununa zidd olmadığı üçün öz qüvvəsini saxlayır.

Lakin bütün bunlardan məlum olduğu kimi, inflyasiyadan qorunmaq məqsədi ilə dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa qanunvericiliklə tənzimlənməyib, amma hesablana biləcək bir üsulla müəyyən edilməsinin mümkün olduğunu ifadə edib. Məhz Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür.

Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir”.

Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Deməli, 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çekinin nominal dəyərinin ən azı 500 Amerika Birləşmiş Ştatları dolları olduğu müəyyən edilir. Təbii ki, bir dövlət özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvivalentinin ən azı 2000 Amerika Birləşmiş Ştatları dolları olduğunu deyə bilərik.

Başqa bir ifadə ilə, 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) verilindən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən 1997-ci il tarixli DƏK-in əmrindən belə məlum oldu ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub.

Məhz dahi Heydər Əliyev dövlət özəlləşdirmə payları (çekləri) hər bir Azərbaycan Respublikası vətəndaşına özəlləşdirilən dövlət əmlakından (mülkiyyətindən) əvəzsiz qaydada verilən hissə, əmlak payı olduğunu dəfələrlə ifadə etmiş və bu əmlak payının müəyyən bir müddət ilə məhdudlaşdırılmasının qəbuledilməz olduğunu bildirmişdir. Məhz bu hüquqi tənzimləmə öz əksini Ulu Öndərin imzasını daşıyan 29.09.1995-ci il tarixli 1120 saylı Qanunda, həmin qanun ilə təsdiq edilmiş I Dövlət Proqramında tapmışdır.

Buna baxmayaraq dövlət özəlləşdirmə çeklərin həmin nominal dəyəri (qiyməti) qanunvericilikdə birbaşa tənzimləmədi. Lakin yuxarıda qeyd edildiyi kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olduğu üçün hər il inflyasiya nəzərə alınaraq onun qiymətinin ictimaiyyətə açıqlanması həmin mülkiyyətdən vətəndaşların istifadəsini asanlaşdıracaq və onların banklarda girov qoyma hüququnu belə, təmin edəcəkdir.

  1. Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsinin vacibliyi

Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsinin vacibliyini aşağıdakılar ilə əsaslandırmaq mümkündür:

1) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətini) qanunvericiliklə birbaşa tənzimlənməsi çek sahiblərinin mülkiyyət hüququnun və bərabərlik hüququnun qorunması, onların bu hüquqlarının müxtəlif manipulyasiya yolları ilə pozulmasının qarşısının alınması üçün vacibdir;

2) Dövlət özəlləşdirmə çeki dövlət qiymətli kağızı olmaqla, hər bir çek qanunla özəlləşdiriləcək bütün dövlət müəsisələrinin 65%-lik dövlət əmlakının 1/32 000 000 hissəsini təmsil edən və inflyasiyadan qorunan əmlak ekvivalentidir. Bu durum hər bir çekin sahibinə dövlət əmlakından (mülkiyyətindən) pay verdiyini təsdiq etdiyi kimi, həm də həmin mülkiyyətin banklarda girov kimi qoyulma imkanının varlığını təsdiq edir. Bunu təmin etmək öhdəliyi isə qanunla dövlətin pozitiv öhdəliklərindən biridir. Lakin dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri qanunvericilik ilə konkret müəyyən edilmədiyi ücün çek sahibləri bu hüquqlarından istifadə edə bilmirlər. Eyni zamanda bu durum müxtəlif şəxslər tərəfindən manipulyasiya edilərək vətəndaşların konstitusion hüquqlarının, xüsusi ilə mülkiyyət və bərabərlik hüquqlarının pozulmasına səbəb olub;

3) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi çekin emitenti olaraq dövlətin öhdəliyinin də konkret olmasına imkan verəcəyi kimi, vətəndaşların bərabərlik hüququ da təmin ediləcəkdir. Məsələn, bazarda çeklərin real satış qiymətinin bu gün 100 ABŞ dollar olduğunu hesab edək. Bu, o demək deyildir ki, dövlət bu gün özəlləşdirdiyi (satdığı) müəssisədən çeki təqdim edən şəxsə 100 dollarlıq səhm verməlidir. Əgər bunu qəbul etsək, onda sabah çeklərin bazarda real satış qiyməti 100 000 ABŞ dolları olarsa, deməli alınan hər çekə (paya) görə dövlət 100 000 ABŞ dollarlıq səhm verməlidir. Bu problemin qarşısının alınması üçün dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi vacibdir;

4) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi çek sahiblərinin bərabərlik hüququnun pozulmasının qarşısını alacaq. Məlum olduğu kimi, hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və qanunlardır. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməmiş olmasından istifadə edən bəzi şəxslər çeklərin dəyərini manipulyasiya etmişdir. Qanun qarşısında hamı bərabər hüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir. Məsələn, 2010-cu ildə həyata keçirilmiş bir müəssisinin özəlləşdirilməsi zamanı bir dövlət özəlləşdirmə çeki (pay) 1400 manat olaraq hesablanmışdır. Belə ki 14 milyon 337 minlik dövlət əmlakı üçün tam 40.000 dövlət özəlləşdirmə çeki verilmişdir. Məhz bu durum Konstitusiyanın 25-ci maddəsi ilə tənzimlənən “hamı qanun və məhkəmə qarşısında bərabərdir” qaydasının pozulması olduğu kimi, həm də çek sahiblərinin mülkiyyət hüququnun pozulmasıdır.

Məlum olduğu kimi, dövlət qanunla götürdüyü öhdəlik qədər hər vətəndaş qarşısında cavabdehdir. Bu da onu tələb edir ki, dövlətin vətəndaşlara verdiyi dövlət özəlləşdirmə çeklərinin hər birinin qiyməti (dəyəri) eyni olmalıdır. Həmin dəyərin fərqli formada bəzən 100 manat, bəzən 2000 manat, bəzən isə 1400 manat olaraq təyin edilməsi Konstitusiyanın 25-ci maddəsinin (bərbərlik hüququnun) və Konstitusiyanın 13-cü və 29-cu maddələrinin (mülkiyyət hüququnun) pozulmasıdır.

Hesab edirik ki, Konstitusiya və qanunlar ilə tənzimlənən insan hüquqlarının bu formada pozulması həm ölkə vətəndaşlarının, həm də xarici inventarların ölkəmizdə investisiya qoymaq həvəsini öldürür. Məlum olduğu kimi ölkə vətəndaşları və xarici şirkətlər dövlətin qanunla verdiyi vədə inanaraq dövlət özəlləşdirmə çekləri alıblar. 2011-ci ilin əvvəlində mətbuatda verilmiş məlumata görə, Milli Depozit Mərkəzində belə şəxslərə məxsus olan 600 000 çek istifadə edilmədən qalıb.

Maraqlı bir sual yaranır: hansı xarici və yerli investor dövlət təminatı olan bu çeklər ilə onlara qarşı olan belə ədalətsizlikdən sonra ölkəyə investisiya qoyar? Bütün bu neqativ halların qarşısını almaq üçün dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi vacibdir.

Nəticə

Məqalədə qoyulan sual ilə bağlı hüquqi təhlilin cavabları əsasən əlaqədar bölmələrdə ifadə olunub. Bununla birlikdə xülasə kimi aşağıdakıların qeyd edilməsinin faydalı olacağını hesab edirik:

Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu və qanunla dövriyyədən cıxarılmadığı birmənalı olaraq hamı tərəfindən qəbul olunur. Bununla birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qiymətli kağız anlayışını tənzimləyən 987-ci maddəsi təhlil edildiyi zaman onun qiymətli kağız olub-olmadığı şübhəli hala gələ bilər. Belə ki, MM-in 987.1-ci maddəsinə görə, qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir.

Bu tənzimləmədən belə bir sual meydana gəlir: dövlət özəlləşdirmə çeklərinin mülkiyyətçisi ilə və onun emitenti arasında müqavilə münasibətləri qurulubmu?

Məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti, mülkiyyətçisi isə Azərbaycan Respublikasının vətəndaşıdır. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir.

Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətlərinin qurulduğunu hesab etsək, bu nəticə Mülki Məcəllənin və Konstitusiyamızın tələblərinə də uyğun olar. I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü, 6-cı və 7-ci abzaslarını nəzərə alaraq deyə bilərik ki, dövlət özəlləşdirmə çeklərinin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir).

Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməməsinin mülkiyyət və bərbərlik hüquqlarının qorunması, manipulyasiyanın qarşısının alınması, dövlətin öhdəliyinin kokretləşdirilməsi və digərləri baxımından faydalıdır. Bütün bunları nəzərə alaraq birmənalı olaraq əminliklə deyə bilərik ki, qanunla özəlləşdirmə çekləri bu gün ücün də dövlət qiymətli kağızıdır. İnfilyasıyadan qorunan əmlak ekvalenti kimi 1997-ci ildən bu günə qədər olan infilyasiyanı nəzərə alsaq, ən qiymətli dövlət qiyməti kağızıdır.

Qeyd: Özəlləşdirmə payı və özəlləşdirmə çeklərinə aid müqayisəli hüquqi təhlil ilə bu KEÇİDdən tanışa ola bilərsiniz.

Mübariz Yolçiyev,

Bakı Dövlət Universiteti Hüquq fakültəsini dosenti, Vəkillər Kollegiyasının üzvü