Paşinyandan yeni konstitusiya siqnalı

  • By admin
  • 08 Fevral 2024 08:48

Ermənistan parlamentinin Youtube kanalında canlı yayımlanan iclasda Nazirlər Şurasının üzvləri və deputatların suallarını cavablandıran Ermənistan baş naziri Nikol Paşinyan gündəmlə bağlı açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, Paşinyan Ermənistanda “Dördüncü respublika”nın yaradılmasının mümkünlüyü ilə bağlı müzakirələr barədə hakim “Mülki müqavilə” qrupunun deputatının sualına cavab verib. O, burada nəzərdə tutulanın yeni konstitusiya olduğunu, hazırkı konstitusiyanın qəbul edildiyi dünya şəraitinin indi dəyişdiyini vurğulayıb.

Hazırda hökumətdə yeni konstitusiya üçün təklif oluna biləcək mətnin olmadığını qeyd edən Paşinyan cəmiyyətin yeni konstitusiyanın nə üçün lazım olduğunu və məqsədini, daha sonra isə aydın məzmunun hazırlanması mərhələsini müzakirə edərək bir anlayış yaratmalı olduğuna diqqət çəkib.

Azərbaycanla sülh danışıqlarından danışan Paşinyan bəyan edib ki, “sülh sazişinin mətnində razılaşdırılmış maddəyə əsasən, tərəflər saziş üzrə öhdəliklərindən yayınmaq üçün öz qanunlarına istinad edə bilməzlər”.

Paşinyan yanvarın 26-da imzalanmış Gürcüstan və Ermənistan arasında strateji əməkdaşlıq haqqında memoranduma da toxunub və qeyd edib ki, sözügedən sənəd hər iki hökumətin bütöv münasibətlər gündəmini irəlilətmək iradəsini ifadə edir və o hesab etmir ki, Nazirlər Kabineti dəyişikliyi Gürcüstan buna mənfi təsir edəcək.

Ermənistanın baş naziri Paşinyan fevralın 1-də dövlət radiosunun “Təhlükəsizlik mühiti” proqramında verdiyi açıqlamada Ermənistan Konstitusiyasına və Müstəqillik Bəyannaməsinə yenidən baxılmalı olduğunu, dövlət siyasətinin elementlərə uyğun aparıldığını bəyan edib.

 

Gununsesi.info