Prezident tramvayla bağlı fərman imzaladı

Paytaxtın nəqliyyat sistemində illərdir gözlənilən böyük qayıdış üçün hüquqi baza yaradılıb. Bakı küçələrində yenidən tramvay xətlərinin çəkilməsi və bu prosesin idarə edilməsi konkret bir quruma həvalə olunub.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla “Bakı Metropoliteni” QSC-nin səlahiyyətləri genişləndirilib. Artıq bu qurum təkcə metro deyil, həm də tramvay nəqliyyatının təşkili, layihələndirilməsi və tikintisi ilə məşğul olacaq. Fərmana əsasən, metropoliten paytaxtda metro, avtobus, tramvay və taksi xidmətlərinin vahid mərkəzdən idarə olunmasını təmin edən əsas kommersiya hüquqi şəxsi kimi müəyyən edilib.

Yeni struktur çərçivəsində tramvay infrastrukturu ilə yanaşı, avtovağzalların, terminalların və nəqliyyat vasitələrinə texniki xidmət göstərən bazaların tikintisi də “Bakı Metropoliteni” tərəfindən həyata keçiriləcək. Bu dəyişiklik paytaxtın müxtəlif nəqliyyat növlərinin bir-birinə inteqrasiya olunmasına və gediş haqqı ödənişində vahid rəqəmsal həllərin tətbiqinə imkan verəcək. Beləliklə, Bakıda tramvay xətlərinin bərpası rəsmən bu qurumun nəzarətinə keçdi.

Yəni, Bakıda tramvayların yenidən işə düşməsi, xətlərin çəkilməsi və bu nəqliyyatın idarə edilməsi artıq rəsmən “Bakı Metropoliteni”nə tapşırıldı.

Gununsesi.info