Prokurorluqdan 18 yaşlı qızın sevgilisi tərəfindən öldürülməsinə rəsmi reaksiya

  • By admin
  • 19 Mart 2021 11:32

19 fevral 2021-ci il tarixdə Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Pərvin Musayevanın qəsdən öldürülməsi müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülüb, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun 19 fevral 2021-ci il tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının yığıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.