Qarabağın bu bölgələrində ermənilərin axtarışları davam edir

  • By admin
  • 24 Dekabr 2020 11:54

İşğaldan azad olunan Qarabağın Ağoğlan və Cəbrayıl bölgələrində aparılan axtarış işləri nəticəsində 44 günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən daha 8 erməni hərbçinin cəsədi tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə keçmiş qondarma rejimin fövqəladə hallar üzrə xidmətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hunan Tadevosyan bildirib.

Onun sözlərinə görə, axtarışlar Ağoğlan, Şuşa, Cəbrayıl və Zəngilanda davam edir. Bu günə qədər ümumilikdə 1069 hərbi qulluqçunun cəsədi aşkarlanıb.

Əməliyyatlarda bölgəyə bələd olan hərbçilərlə yanaşı, itkin düşənlərin valideynləri və qohumları da iştirak edir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağı işğaldan azad etmək uğrunda həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində 10 min erməni döyüşçüsünün məhv edildiyi, 20 minə yaxın yaralı, 3 mindən çox itkin olduğu bildirilir. Tapılan cəsəd qalıqlarının 2,5 mindən çoxunun şəxsiyyətini müəyyənləşdirmək bu günə qədər mümkün olmayıb.

Gununsesi.info