“Qəza bir neçə versiya üzrə təhqiq ediləcək” -Deputat

Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli təyyarənin “qara qutu”su tapılıb.

Türkiyənin “NTV” portalı xəbər verir ki, “qara qutu” axtarış-xilasetmə qruplarının ərazidə həyata keçirdiyi əməliyyat zamanı tapılıb.

Məlumata görə, qəza yerindən toplanan materiallar təhlil edilməsi üçün Kayseridə hərbi hissəyə göndəriləcək.

 

Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, təəssüf ki, bu hadisəni müxtəlif istiqamətlərə yozmağa çalışdılar:

“Ümumiyyətlə, bu, çox ağır bir məsələdir. Allah şəhidlərimizə rəhmət eləsin. Baxmayaraq ki, belə bir hadisə baş verdi, təəssüf doğuran bir çox məqamlar da mövcuddur. Bu hadisəni müxtəlif istiqamətlərə yozmağa çalışdılar, istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində.

Bizə dost olmayan dövlətlər də bu məsələlərdə maraqlı idilər. Çalışırdılar ki, bütün bunları zəfər paradına bağlasınlar. Paradadan sonra Pakistanda terror aktları həyata keçirildi və bu təyyarəyə də belə bir diqqət oldu. Məlum məsələdir ki, Gəncədə həmin təyyarə bir neçə saat öncə gəlmişdi və hər hansı bir kənar müdaxilə olmamışdı.

Heç ekipaj da təyyarədən kənara çıxmamışdı. İki saat ərzində bütün proses kameralarla izlənə bilərdi. Bu, Türkiyənin hərbi hava qüvvələrinin, eyni zamanda NATO-nun hərbi hava qüvvələrinin təyyarəsidir. Burada hər hansı bir kənar müdaxilənin olması böyük problemlər yarada bilər. Buna görə də düşünürəm ki, təyyarə hava limanında olarkən buna hər hansı müdaxilə ola bilməz”.

Deputat qeyd edib ki, bu məsələ ciddi şəkildə araşdırılacaqdır:

“Əsas məqam ondan ibarətdir ki, istintaq aparılarkən bir neçə versiya irəli sürülür:

  • Texniki nasazlıq
  • Qəst işi, yəni terror aktı
  • Peşəkar olmayan ekipaj

Bunların hər biri müzakirə mövzusudur. Eyni zamanda istintaq təyyarənin üç yerə parçalanması və yüklərin ora hansı formada yerləşdirilməsi kimi məsələləri də araşdıracaq.

İkincisi, təyyarə o qədər də yeni deyildi. Baxmayaraq ki, 2020-ci ildə yenidən təmir olunub Türkiyə hava qüvvələrinə qəbul edilmişdi, bu nasazlıq baş verə bilər, eroziya da ola bilər.

Yükün tərpənməsi nəticəsində turbulens ərazisinə daxil olunduqda sirkələnmə də yarana bilər. Parçalanmanın özü də göstərir ki, əgər partlayış olsaydı, təyyarə niyə üç hissəyə parçalanırdı. Bu məsələ mütləq şəkildə araşdırılacaqdır”.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçinin hamısının nəşi tapılıb.

Şəbnəm

Gununsesi.info