Qızmar günəş altında işləyənlərə çağırış! – Bunları mütləq bilməlisiniz!

  • By admin
  • 10 Avqust 2021 12:29

“Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə selsidən çox olanda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlar və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır”.

Bu barədə Gununsesi.info-ya Dövlət Əmək Müfəttişliyinin mətbuat katibi Aynur Osmanqızı məlumat verib. O qeyd edib ki, kəskin istilərlə bağlı işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır:

“Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İşəgötürənlər yay mövsümündə havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu günləri nəzarətdə saxlamalı, gün ərzində havanın temperaturunun 41 dərəcə selsidən çox müşahidə olunduğu saatlarda açıq hava şəraitində və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsini dayandırmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələrin verilməsini təmin etməlidirlər. Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.
Əmək qanunvericiliyinin tələbləri nəzərə alınmadıqda, işçilərin əmək hüquqlarının pozulması halları qeydə alınarsa, bununla bağlı qanunvericiliyə uyğun olaraq Xidmətə şikayət daxil olarsa və ya media tərəfindən işıqlandırılarsa, dərhal fakt rəsmi qeydiyyata alınır və araşdırılır. Müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq araşdırılıb cavablandırılır”.

Qurum rəsmisinin sözlərinə görə, əmək qanunvericiliyinin tələbələrini pozan işəgötürənlər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:

“Əlavə olaraq qeyd edim ki, ötən iki ayda işçilər tərəfindən bu faktla bağlı Xidmətə şikayət daxil olmayıb”.

Xatırladaq ki, əmək hüquqları pozulan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx@sosial.gov.az), sosial şəbəkələr vasitəsilə və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.