Qran Pri: Azərbaycanın daha bir cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.

Gununsesi.info -un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Loik Pyetriyə (Fransa), Tim Qramkova (Almaniya), Sebastian Marcinkievizə (Polşa) və Gilyerme Şmidtə (Braziliya) qalib gəlib.

Eyni çəkidəki Zelim Tçkayev Takeşi Sasaki (Yaponiya) və Frank De Viti (Niderland) mübarizədən kənarlaşdırsa da, Joau Fernandunun (Portuqaliya) müqavimətini qıra bilməyib. Tçkayev təsəlliverici görüşdə Tato Grigalaşviliyə (Gürcüstan) də yenilib.

73 kq-dakı son Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Abdul Malik Umayevə (Belçika) uduzub. Bu çəkidəki Rüstəm Orucov Filip Yovanoviçi (Serbiya) məğlub etsə də, Martin Hojakla (Sloveniya) bacarmayıb.

Qadınların yarışında 63 kq-dakı Aytac Qardaşxanlı 1/8 finalda Coan Van Lesxauta (Niderland), 70 kq-dakı Südabə Ağayeva isə Miriam Butkereitə (Almaniya) uduzub.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.

Gununsesi.info