Qutlama və dualama -FAZİL MUSTAFA YAZIR

18 oktyabr Dövlət müstəqilliyimizin bərpası günüdür. Bu sənəd qəbul olunanda bizim nəslin bir çox təmsilçisi o zaman Ali Sovet adlanan binanın qarşısında sevincindən ağlayırdı. Bəzən yenidən tikmək bərpa etməkdən çox asan başa gəlir. Fikrimcə biz cəmiyyət olaraq bu cür təqvim günləri qarşımıza çıxdıqca formal ritual olaraq bir-birimizi təbrik edirik.

Mahiyyətcə müstəqilliyin ruhani havası ilə yaşamırıq. Eləcə də Qarabağda qazandığımız Zəfərin də dəyəri yetərli səviyyədə dərk olumur.

Müstəqillik günü də, onun bərpası günü də Milli Zəfərimizin ən möhtəşəm epizodlarıdır. Bundan sonra da zəfərlərimiz olacaq, ağır olsa da söyləyim ki, təlatümlərimiz də olacaq, ancaq bizdə çatmayan, boşluğu görünən Şükranlıqdır. Bizə bəlkə də Zəfər günü yerinə Şükranlıq günü daha uyğun gələrdi. Hər zaman düşünmüşəm ki, ABŞ-ın qüdrətinin əsasında bu Şükranlıq Günü ideyasının yer alması durur. Biz illərdir müstəqillik qazanmışıq, onu bərpa da etmişik, Şuşanı azad edərək bu müstəqilliyin yarasını da sağaltmışıq, ancaq şükranlıq keyfiyyətimiz, duyğumuz çox- çox aşağıdır. Acınacaqlıdır ki, özü bu dövlətin sütununa bir kərpic qoymamış bəndələr, onun zəminindən kərpic götürmək üçün sıraya durmuşlar. Bir anlığa şotland olsaydıq, katalon olsaydıq, tatar, başqırd olsaydıq bu müstəqilliyə necə baxardıq sualını verirəm. Qoy bu müstəqilliyimizin bərpası günü, qarşıdan gələn Zəfər günü sevincimizdən daha çox şükranlığımızı, məsuliyyətimizi artırsın!

Fazil Mustafa
Gununsesi.info