ABŞ-dən, Avropadan və ümumilikdə dünyanın istənilən ölkəsindən Azərbaycana rəsmi səfərə gələn şəxslərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. Bu prosesə polis orqanları, Dövlət Təhlükəsizliyi Xidməti və Prezidentin Təhlükəsizlik Xidməti cəlb edilir.
İndiyədək Azərbaycanda həyata keçirilmiş minlərlə rəsmi səfər zamanı hər hansı ciddi insident qeydə alınmayıb.
Lakin Azərbaycan prezidenti Avropa ölkələrinə səfər edərkən fərqli mənzərə müşahidə olunur. Dövlət başçısının qaldığı otelin ətrafında insanlar sərbəst hərəkət edir, avtomobillər maneəsiz şəkildə hərəkətini davam etdirir, bəzən isə təxribat xarakterli şüarlar səsləndirilir.
Bəs görəsən, Avropa ölkələrində bu niyə belə deyil?
Məsələ ilə bağlı Gununsesi.info -ya danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Tural Gəncəliyev bildirib ki, çox təəssüf, bəzi Avropa və ABŞ ölkələrində belə tədbirlər zamanı insidentlər baş verir.

“Bu da göstərir ki, təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirmək vacibdir. Azərbaycanda keçirilən tədbirlər zamanı ölkəyə səfər edən qonaqların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Dövlət qurumları bu prosesdə çox dəqiq və sistemli şəkildə çalışır, nəticədə heç bir xoşa gəlməz hadisə baş vermir. Bu yalnız Azərbaycana səfər edən şəxslərin təhlükəsizliyi ilə bağlı deyil, həm də ölkədə keçirilən böyük beynəlxalq tədbirlər üçün də doğrudur.
Məsələn, Qoşulmama Hərəkatı tədbirləri, COP 29 sessiyası, beynəlxalq konfranslar və festival kimi tədbirlər zamanı təhlükəsizlik sistemləri yüksək səviyyədə işləyir. Hətta Bakıdan kənarda, işğaldan azad edilmiş ərazilərimizdə – Xankəndi, Şuşa, digər rayonlar və Qəbələ kimi yerlərdə keçirilən beynəlxalq konfrans və diplomatik toplantılarda da insidentlər qeydə alınmır.
Diplomatik konvensiyalar, o cümlədən Vyana Konvensiyası çərçivəsində, hər bir ölkə özünə gələn ali qonaqların təhlükəsizliyini təmin etməli, onlara xüsusi protokol və tədbir dəstəyi göstərməlidir.
Bu baxımdan, Azərbaycanın tədbir təşkilatı təcrübəsinin öyrənilməsi və digər ölkələr tərəfindən tətbiqi faydalı ola bilər. 30 ildən çox müstəqillik dövründə Azərbaycan, bəzən böyük ənənəsi olan dövlətlərin protokol təcrübəsindən daha effektiv nəticələr əldə edə bilmişdir. Bu təcrübəni bölüşmək və öyrənmək heç bir neqativ hal yaratmır, əksinə, beynəlxalq praktikaya uyğun hesab edilə bilər.
Məsələn, COP 29-da iştirak edən qonaqlar tədbirin təşkilat baxımından yüksək səviyyədə olduğunu qeyd etmişdilər. COP 30-da da iştirakçılar 29-cu sessiyadan daha yüksək səviyyəli təşkilat və təhlükəsizlik təcrübəsinin olduğunu vurğulamışdılar”.
Şəbnəm Rəhimova












