Rusiyadan Laçın dəhlizi ilə bağlı AÇIQLAMA

  • By admin
  • 01 Dekabr 2020 10:37

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis-kəşfiyyat və mina təmizlənməsi işlərini davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat qrupu, ümumilikdə, 1000-ə yaxın partlayıcı obyekti zərərsizləşdirib. Laçın dəhlizindəki elektrik xətlərinin bərpası ilə bağlı işlərin təhlükəsizliyi təmin olunub.

“Aşkarlanmış partlayıcı obyektlər, atılmış və ya işləməyən döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Təhlükəsiz şəkildə təxliyə oluna bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri alınaraq yerində zərərsizləşdirilir”, – açıqlamada deyilir.

Dağlıq Qarabağda aparılan sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolu təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb.

Bundan əlavə, Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edir və elektrik xətlərinin, qaz boru kəmərlərinin, rabitə xətlərinin və transformator yarımstansiyalarının yenidən qurulmasında təmir heyətlərinə köməklik göstərir.

Gununsesi.info