Şəhid qardaşını təxribata çəkmək istədilər

  • By admin
  • 14 Oktyabr 2022 10:42

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov işlə təmin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Sənan Əhmədova dəstək ilk gündən dəstək olan Elyar İslamoğlu məlumat verib.

“Sənana şəhid qardaşının sığorta pulu, dəfn pulu və Heydər Əliyev fondundan yardım verilib. Sənan və Səbuhinin bank borcları bağlanıb. “Forma pulu” və Səbuhinin qalıq maaş, məzuniyyət pulunun verilməsilə bağlı sənədlər hazırlanır. Yas mərasimi zamanı tiktoker və blogerlərin topladığı pullar onlardan geri alınaraq Sənana verilib. Bir dostumuz kirayə puluna kömək edir.

Hazırda Sənanın ev və iş problemi qalır. Ev məsələsi də tezliklə həll ediləcək. Sənan “Kontakt Home”un anbarında fəhlə işləyir. Ümid edirəm ki, ona uyğun normal bir işlə də təmin olunacaq”.

“Yas mərasimi zamanı dəftər qoyub siyahı tutan, kart hesabı açıb Sənandan xəbərsiz pul yığan, instaqramda, tiktokda canlı yayım açıb “şəhidin qardaşına veriləcək” deyərək hədiyyə alan, ondan-bundan şəhid ailəsinin adıyla pul qopardan yas təşkilatçıları, restoranda, kafedə yeyib-içməkdən çıxandan sonra gecə saat 3-4-də başsağlığına gələnlərin heç biri indi ortalıqda yoxdur. Yığdıqlarını yığdılar, özlərini yasda reklam etdilər, indi heç şəhid yada düşmür.

Sənanı xaricdən maliyələşən dini qruplar ələ almağa çalışırdı. Hansıki həmin dini qruplar dövlətin əleyhinə işlər aparır, onlara qrant verən xarici ölkəni müdafiə edirlər.

Sənanı bəzi radikal qruplar pulla ələ almağa çalışırdı, baş verənləri və dövlət əleyhinə danışması üçün çox böyük məbləğdə pullar təklif edilirdi. O ölkəmiz, dövlətimiz üçün davamlı təxribat edən bir neçə canlı yayıma dəvət olunurdu, müsahibələr verməsi üçün təkid edilirdi. Sənana zəng edənlər olmuşdu ki, gedək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşaq, vurub-dağıdaq.

O, yeganə ailə üzvü olan qardaşının itkisi ilə barışmadığı və özünə qarşı baş verənlərin dözülməzliyindən bezərək iki dəfə intihara cəhd etdi. Təəccüblüsü odur ki, bütün bunların baş verə biləcəyi əvvəldən bilinirdi. Sənan maarifləndirilməliydi, hüquqları izah edilməliydi, ondan sui-istifadə edilməsinin, təxribatçı qrupların onunla işbirliyinə girişməsinin qarşısı alınmalıydı. Amma…

Biz dövlətimizi mandat, vəzifə, ev, mükafat, fəxri fərman, medal üçün sevmirik, bizim sevgimiz təmənnasızdır. Dövlətini təmənnasız sevənlər Sənana bütün bu təxribatlardan da üzüağ çıxmağa kömək etməliydi və biz vətəndaşlıq borcumuzu yerinə yetirərək bunu etdik”, – E.İslamoğlu əlavə edib.

Gununsesi.info