“Sabahın Türkiyəsi”ni quracaq 6 lider yenidən bir arada – ƏRDOĞANIN RƏQİBLƏRİ YOL XƏRİTƏSİ HAZIRLAYIR

  • By admin
  • 28 Mart 2022 10:08

 

 

 

Türkiyənin  6 müxalifət lideri dünən  sabiq XİN rəhbəri Əli Babacanın lideri olduğu Deva Partiyasının ev sahibliyi ilə yenidən bir araya gəlib.

Görüşdə Səadət Partiyasının sədri Temel Karamollaoğlu, CHP lideri Kamal Kılıçdaroğlu, İYİ Partiya sədri Meral Akşener, Demokrat Partiyasının sədri Gültekin Uysal və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu iştirak edib.

 

Gununsesi.info-nun xəbərinə görə, görüşdən sonra verilən ortaq yazılı açıqlamada, “Gücləndirilmiş Parlament Sisteminə” keçidlə bağlı yol xəritəsi çərçivəsində işçi qrupu yaradılıb:

“Son bir ayda baş verən siyasi prosesləri dəyərləndirdik və bu çərçivədə birliyimizi pozmağa yönəlmiş seçki qanunu təklifi ilə bağlı fikir mübadiləsi apardıq. Parlament üsul-idarəsinə keçidlə bağlı yol xəritəsi, mümkün ittifaqların qurulmasında prinsiplər və dəyərlər, seçkidən sonra izləniləcək siyasətlər liderlərin masasındakı mövzular arasında idi.

Məlumatda daha sonra deyilir:

“Cəmiyyəti ən geniş spektrdə təmsil edən altı siyasi partiya olaraq biz qütbləşmədən daha çox məsləhətləşmə və uzlaşma əsasında “Gücləndirilmiş parlament sisteminə keçid” mövzusunda tam razılığa gəldik. Türkiyənin siyasi tarixində bənzəri olmayan bir əməkdaşlıq şüuru ilə və paylaşdığımız anlaşma memorandumunu 28 Fevralda millətimizlə paylaşdıq.

 

Sabahın Türkiyəsi”ni qurmaq üçün fevralın 12-də keçirdiyimiz görüşdə razılaşdığımız əməkdaşlıq möhkəmlənəcək.

İstəyirik ki, millətimiz bilsin ki, demokratik prinsiplərə əsaslanan birliyimiz bu cür siyasi mühəndislik cəhdlərindən təsirlənməyəcək. Biz əməkdaşlığımızı harmoniyada davam etdirmək əzmindəyik”.

 

Gülnar Məmmədli

Gununsesi.info