Şağan sakinləri qanunsuzluğa etiraz edir - Problem həllini tapmır, Leyla Əliyevaya müraciət edildi...

  • By Admin2
  • 10 İyul 2026 13:13

Xəzər rayonu, Şağan qəsəbəsinin sakinləri yaşayış sahəsində baş verən ekoloji pozuntular və ictimai asayişin pozulması ilə bağlı İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya kollektiv müraciət ünvanlayıblar.

Qəsəbə sakini Göyçəkbəyim Ağalarova tərəfindən çoxsaylı qonşular adından göndərilən müraciətdə Şağan qəsəbəsi, H.Pənahov küçəsində yerləşən yaşıl ağaclıq sahənin kommersiya maraqları naminə məhv edildiyi bildirilir.

Gununsesi.info xəbər verir ki, müraciətdə Leyla xanım Əliyevanın hər zaman təbiətin mühafizəsi, ana təbiətə qarşı edilən haqsızlıqların qarşısının alınması və vətəndaşların rahat mühitdə yaşaması istiqamətində apardığı xeyirxah fəaliyyəti vurğulanır.

Sakinlər qəsəbədə aylardır davam edən, ekologiyaya və ictimai asayişə ciddi zərər vuran bu problemi birdəfəlik həll edə biləcək yeganə ümid yeri kimi bu addımı atdıqlarını qeyd edirlər.

Müraciətdə deyilir ki, H.Pənahov küçəsində əvvəllər sakinlərin, yaşlıların və azyaşlı uşaqların dincəldiyi, kölgəsində sığındığı yaşıl ağaclıq sahə və ümumi istirahət məkanı bir neçə şəxsin şəxsi kommersiya maraqlarının qurbanına çevrilib. Əvvəlcə kiçik bir iaşə obyekti kimi fəaliyyətə başlayan məkanın sonradan qanunsuz olaraq genişləndirilərək böyük bir çayxanaya çevrildiyi bildirilir. Diqqətə çatdırılır ki, bu genişlənmə prosesi zamanı ərazidə illərlə böyüyən ağacların bir hissəsi amansızcasına kəsilib və sakinlərin təmiz hava aldığı yaşıl güşə faktiki olaraq məhv edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidə ağacların kəsilməsi faktı üzrə rəsmi akt tərtib edilərək materialların Baş Prokurorluğa göndərildiyi, lakin buna baxmayaraq ekoloji terrorun qarşısını tam almağın mümkün olmadığı vurğulanır.

Sakinlər bu qanunsuzluğun təkcə təbiətə deyil, insanların yaşayış hüququna da böyük bir zərbə vurduğunu bildirirlər. Yaşayış evlərinin bir addımlığında yerləşən bu obyektdə xüsusilə gecə saatlarına qədər davam edən dözülməz səs-küy, musiqi və hay-küyün ətraf binalarda yaşayan onlarla ailənin normal istirahət hüququnu əlindən aldığı qeyd olunur. Müraciətdə işdən yorğun qayıdan insanların, azyaşlı körpələrin və xəstə yaşlıların aylardır gecə səs-küyündən rahat yuxu üzünə həsrət qaldıqları deyilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə araşdırma aparıldığı və obyekt rəhbərliyinə rəsmi xəbərdarlıq edildiyi, lakin qarşı tərəfin qanunlara və ictimai asayişə məhəl qoymayaraq fəaliyyətini eyni qaydada davam etdirdiyi vurğulanır.

Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən aparılan yüngül konstruksiyalı tikintilərin dayandırılması və sökülməsi tədbirlərinin müvəqqəti xarakter daşıdığı və problemin birdəfəlik köklü həllinə kifayət etmədiyi müraciətdə öz əksini tapıb. Bildirilir ki, obyekt sahibi bu qanunsuz tikililəri müxtəlif yollarla rəsmiləşdirməyə və fəaliyyətini qoruyub saxlamağa cəhd edir.

Sakinlər tək istəklərinin kəsilən ağacların yerinə yenilərinin əkilməsi, ümumi istirahət məkanının özlərinə qaytarılması və evlərində itirdikləri dincliyin bərpa olunması olduğunu vurğulayırlar.

Sonda qəsəbə sakinləri uşaqların gələcəyi və ailələrinin rahatlığı naminə bu məsələnin şəxsi nəzarətə götürülməsini, ərazidəki ekoloji pozuntuların aradan qaldırılması və qanunsuz fəaliyyət göstərən bu obyekt barəsində qəti tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göstəriş verilməsini Leyla xanım Əliyevadan xahiş edirlər.

Elmar

Gununsesi.info