“ŞƏT ölkələri ilə əməkdaşlıq böyük perspektivlər vəd edir” -İQTİSADÇI

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil. Bu təşkilatın üzvlüyündən konkret bir fayda əldə edilməyib. Azərbaycanın bu təşkilatla bağlı əsas əlaqələri üzv ölkələrlə ikitərəfli münasibətlər çərçivəsində qurulub”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə Rusiya və Çin Azərbaycan iqtisadiyyatında mühüm rol oynayıb:

“ŞƏT-in üzvlərindən biri Rusiya, digəri isə Çindir. Bu iki ölkə Azərbaycanın ümumi ticarət dövriyyəsində həmişə ilk üçlükdə olub. Təxminən 35-40 faiz məhsullar Azərbaycana məhz bu ölkələrdən idxal edilib. Rusiya Azərbaycanın qeyri-neft ixracının təxminən üçdə birinin yönəldiyi əsas istiqamətdir.

Təşkilatın digər üzvləri əsasən Mərkəzi Asiya ölkələridir. Azərbaycan onlarla Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq edir. Bu baxımdan, həmin ölkələrlə əməkdaşlıq imkanları mövcuddur”.

İqtisadçı vurğulayıb ki, ŞƏT ölkələri ilə əməkdaşlıq böyük perspektivlər vəd edir:

“Təşkilatın üzvlərindən biri Çin, digəri isə sürətlə böyüyən Hindistandır. Lakin təəssüf ki, Hindistanla münasibətlər hazırda yaxşı deyil. Bir müddət əvvəl Hindistan turistləri Azərbaycana gələn turistlərin 10 faizindən çoxunu təşkil edirdi. Lakin Pakistan-Hindistan münaqişəsinə görə Azərbaycanın Pakistanı dəstəkləməsi nəticəsində Hindistanla münasibətlər kəskin pisləşib. Hətta Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə qarşı veto da qoyub.

Azərbaycan bu təşkilatın üzvü olmasa da, iki üzvlə strateji əməkdaşlıq memorandumu imzalayıb. Bunlardan biri Rusiya ilə olsa da, münasibətlər son illərdə pisləşib. Digəri isə Çinlədir və ötən il Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq paktı imzalanıb. Azərbaycan təşkilata üzvlüklə bağlı istəyini bəyan etsə də, hələlik qəbul edilməyib.

Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri dünya əhalisinin 40 faizini və dünya ümumi daxili məhsulunun təxminən 30 faizini təşkil edir. Bu, böyük potensiala malik iqtisadi güc deməkdir.

Xüsusən də Çin, Hindistan və Rusiya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi artımına müsbət təsir göstərə bilər. Lakin bütün bunlar hələ ki, nəzəriyyə olaraq qalır”.

 

 

Gülxanım Əliyeva

Gununsesi.info