“Siyavuş Novruzovun və Ombudsmanın cərimələnməsi qanunsuz addımdır” - VƏKİL ELÇİN SADIQOV

  • By admin
  • 23 Avqust 2020 12:54
Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha üç nəfər cərimələnib.
Gununsesi.info-nun məlumatına görə, millət vəkili Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və filarmoniyanın direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.
Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.
Bu arada tanınmış vəkil Elçin Sadıqov isə deputatın və Ombudsmanın cərimələnməsinin qanunazidd olduğunu deyib: “Hər şey qanun çərçivəsində olduqda gözəldir.
Xəbərdə deyilir ki, deputat və insan hüquqları müvəkkili cərimələnib. Halbuki, AR Konstitusiyasının 90-cı maddəsinə görə deputatın, AR İnsan Hüquqları Müvəkkili Haqqında Konstitusiya Qanununun 5-ci və 6-cı maddəsinə görə isə insan hüquqları müvəkkilinin toxunulmazlıq hüququ vardır. Onlar inzibati məsuliyyətə cəlb edilə bilməzlər.
Hər şeydə analoqumuz yoxdur. İnanıram ki, dünyada bizdən başqa ombudsmanı və deputatı inzibati xətaya görə cərimələyən polis də yoxdur”.
Nəcəf
Gununsesi.info